QUŞ QRİPİ İLƏ MÜBARİZƏYƏ 1,5 MİLYARD DOLLAR TOPLANACAQ
Pekində toplanacaq vəsaitin əksər hissəsi bu xəstəliyin yayıldığı ölkələrdə səhiyyənin və baytarlıq işlərinin yaxşılaşdırılmasına yönəldiləcəkdir. Ekspertlər bundan ehtiyatlanırlar ki, quş qripi insandan insana keçən formaya çevrilə bilər. Belə olan halda, bu, epidemiyaya gətirib çıxaracaqdır.
İNFEKSİYA YAYILIR
2003-cü ildən quş qripi virusunun öldürücü H5N1 növü, əsasən, Asiyada azı 79 insanın həyatına son qoymuşdur. BMT-nin quş qripi ilə mübarizə üzrə proqramının əlaqələndiricisi Devid Nabarro Pekin konfransında Bi-Bi-Si-yə müsahibəsində bildirmişdir ki, dünya xəstəliyin yayılmasının qarşısını almağa hazır deyildir. Bütün dünyada baytarlıq xidmətləri quş qripinin yayılmasını səmərəli şəkildə izləmək və quşları çıxdaş etmək üçün kifayət qədər resurslara malik deyildir. Baytarlıq xidmətlərini təcili surətdə gücləndirmək və ciddi tədbirlər görmək lazımdır.
Quş qripinə tutulanların, əslində, hamısı bu xəstəliyə yoluxmuş quşlara çox yaxın olmuşdur. Lakin, xoşbəxtlikdən, virusun insandan insana keçməsi hələlik qeydə alınmamışdır.
Yanvarın 17-də İndoneziyada 3 yaşlı oğlan uşağı ölmüşdür. Bir neçə gün əvvəl onun 13 yaşlı bacısı da tələf olmuşdur. Onda quş qripi əlamətləri aşkarlanmışdır. Həkimlərin fikrincə, hər iki uşaq H5N1 virusuna yoluxmuşdu.
Türkiyədə daha bir uşaq bu xəstəliyə tutulmuşdur. Ümumiyyətlə, ölkədə 21 adamın quş qripi virusuna yoluxduğu qeydə alınmışdır.
İQTİSADİ NƏTİCƏLƏR
Avropa İttifaqı öz yardımının məbləğini 100 milyon dollardan 120 milyon dollaradək artırmışdır. Bundan başqa, gözlənildiyinə görə, bu ittifaqın üzvü olan ölkələr də fərdi qaydada təxminən bir o qədər vəsait verəcəklər.
Dünya Bankının proqnozuna görə, hər hansı ümumdünya epidemiyasının birinci ili ərzində dünya iqtisadiyyatının məruz qaldığı zərər 800 milyon dollar təşkil edəcəkdir.
Dünya Səhiyyə Təşkilatının epidemiyalar üzrə baş eksperti Marqaret Çan Pekin konfransında bildirmişdir ki, təxirə salınmadan görülən tədbirlər epidemiya təqdirində potensial itkilərlə müqayisədə “qəpik-quruşa” başa gələcəkdir.
Dünya Bankının nümayəndəsi demişdir ki, toplanacaq pulların təxminən yarısı Vyetnam, Kamboca, İndoneziya, Tailand və Laosa veriləcəkdir, çünki bu ölkələrdə virus saysız-hesabsız ev quşu qırmışdır. İndoneziya ev quşlarının icbari qaydada tələf edilməsi nəticəsində fermerlərə kompensasiya ödənilməsi üçün 500 milyon dollar istəyir.