Qusarda reyd zamanı qayda pozan 60 yol hərəkəti iştirakçısı inzibati qaydada cəzalandırılıb VİDEO
Qusar, 21 may, Elxan Yusifli, AZƏRTAC
Qusarda reyd zamanı qayda pozan 60 yol hərəkəti iştirakçısı barəsində inzibati cəza tədbirləri görülüb.
AZƏRTAC xəbər verir ki, reyd zamanı keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb, onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.
Polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər saxlanılaraq barələrində inzibati protokol tərtib edilərək cərimələnib.
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) dövlət yol polisi bölməsinin rəisi Tərlan Zeynalov bildirib ki, bu dəfə keçirilən reydlərin məqsədi hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti, o cümlədən sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınmasından ibarətdir.
Şəhərin mərkəzində reyd zamanı polis əməkdaşları tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan avtobus sürücüləri də saxlanılıb və barələrində inzibati qaydada tədbirlər görülüb.