RAGB dünyanın bütün tibb işçilərinə minnətdarlıq edir
Moskva, 21 aprel, AZƏRTAC
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) könüllülər bölməsi dünyanın bütün tibb işçilərinə minnətdarlıq əlaməti olaraq videoçarx çəkib.
“Əziz həkimlərimiz, sizin əməyiniz çox dəyərlidir! Çox sağ olun!”. AZƏRTAC xəbər verir ki, RAGB-nin üzvləri bu çətin dövrdə insanların həyatı və sağlamlığı üçün mübarizə aparan bütün tibb işçilərinə belə müraciət edirlər. “Ətrafda virusun tüğyan etdiyi bir vaxtda, dünyada elə cəsarətli və alicənab insanlar var ki, onlar digərlərinə görə öz həyat və sağlamlıqlarını riskə ataraq, bütün vaxtlarını xəstəxana postunda keçirirlər. Həkimlər, tibb bacıları və bütün tibbi heyət - dövrümüzün qəhrəmanlarıdır. Bütün “sağ ol”ları məhz onlara ünvanlamaq , dünyanın bütün alqışlarını onlara həsr etmək istəyirsən. Buna baxmayaraq, onlar öz postlarını tərk etmir, virusla müharibədə ön mövqedədirlər. Onlar xəstələri ağır vəziyyətdə buraxmır və bu xəstələri xilas etməkdən ötrü əllərindən gələn hər şeyi edirlər. RAGB-nin könüllülər bölməsi bu kiçik videoçarxı dünyanın bütün tibb işçilərinə minnətdarlıq əlaməti olaraq hazırlayıb”, - deyə təşkilatın sosial şəbəkələrdəki səhifələrində yerləşdirilən videoposta olan şərhdə bildirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva