Ramana qəsəbəsində keçirilən oftalmoloji aksiya zamanı 105 nəfər müayinə olunub
Bakı, 10 fevral, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Bakının Ramana qəsəbəsindəki sosial binalarda yaşayan şəhid və qazi ailələri üçün tibbi aksiya keçirilib. Tədbir akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində həyata keçirilib.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində 105 nəfər müayinə olunub. Müayinələr zamanı refraksiya patologiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkarlanıb.
Aksiyanın keçirilməsində məqsəd görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, əldə edilən nəticələri müzakirə və həll etməkdən ibarətdir.
Müayinələr akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri - Lalə Məmmədova, Natəvan Əliyeva, rezident Emin Ərəbov və digər işçi qrupu üzvləri tərəfindən həyata keçirilib.