Ramin Məmmədov: İdeoloji təhlükəsizlik və din müasir dövrdə daha sıx qarşılıqlı təsirə malikdir
Şuşa, 23 sentyabr, Elçin Hüseynov, AZƏRTAC
Əsas məqsədimiz ondan ibarətdir ki, ənənəvi düzənin dəyişdiyi, yeni geosiyasi reallıqların formalaşdığı indiki dövrdə din amilini siyasi-psixoloji və ideoloji təsir alətinə çevirmək cəhdləri barədə fikir və məlumat mübadiləsi aparaq. İdeoloji təhlükəsizlik və din indi əvvəlki onilliklərlə müqayisədə bir-birilə daha sıx qarşılıqlı təsirə malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 23-də Şuşada keçirilən “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminarın açılış mərasimində söyləyib.
Komitə sədri bildirib ki, müxtəlif dövlətlər bu mövzudan siyasi manipulyasiya, ideoloji təzyiq predmeti kimi faydalanmağa çalışır. Əlbəttə ki, Azərbaycan dövləti belə cəhdlərə qarşı kifayət qədər effektiv mübarizə imkanlarına malikdir: “Təfərrüata varmadan demək istərdim ki, müvafiq strukturlar koordinasiyalı şəkildə bu sahədə sistemli fəaliyyət göstərirlər. Lakin ideologiya elə bir həssas istiqamətdir ki, ictimaiyyət və dövlət, vətəndaş cəmiyyəti institutları ilə hökumət qurumları məsuliyyəti bölüşməlidir. Bu mənada bizim mediadan gözləntilərimiz böyükdür. Lakin şübhəsiz ki, media nümayəndələrinin də qeydlərini, iradlarını, təkliflərini öyrənmək çox vacibdir”.
Xatırladaq ki, ikigünlük seminar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçirilir.