Raul Quliyev: Məktəbli şahmatçılar onlayn Qran-Priyə böyük maraq göstərirlər
Bakı, 20 aprel, Leyla Qurbanova, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin (“Təhsil” RİM) təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında onlayn Qran-Pri turniri keçirilir.
“Təhsil” RİM-in şahmat idman növü üzrə baş məşqçisi Raul Quliyevin AZƏRTAC-a verdiyi məlumata görə, oyunlar www.chess.com internet portalı üzərindən 6 seçmə və final olmaqla 7 mərhələ üzrə keçirilir. Ümumilikdə 330 şahmatçının iştirakı ilə keçirilən turnirdə məktəbli şahmatçıları həvəsləndirmək məqsədilə hər seçmə mərhələnin birində milli komandamızın üzvlərindən bir nəfər fəxri üzv kimi yarışa qatılırlar: “Aprelin 19-da keçirilən Qran-Prinin birinci mərhələsində yığma komandanın üzvü Eltac Səfərli mübarizə aparıb. Bu gün - aprelin 20-də keçirilən ikinci mərhələnin oyunlarında isə Gülnar Məmmədova iştirak edir. Məktəbli şahmatçılar onlayn Qran-Priyə böyük maraq göstərirlər”.
R.Quliyev aprelin əvvəlində “Təhsil” RİM-in təşkilatçılığı ilə müxtəlif yaş qruplarında oğlanlar və qızlar arasında sürətli şahmat üzrə onlayn respublika birinciliyinin keçirildiyini və məktəbli şahmatçıların turnirdə böyük həvəslə iştirak etdiklərini də vurğulayıb.
Qeyd edək ki, Qran-Pri turnirinin birinci mərhələsində Elmar Atakişiyev (54 xal), Süleyman Süleymanlı (40 xal), Uğur İlyaslı (30 xal) fərqləniblər.
Onlayn formatda yarış koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından məktəblilərin ev şəraitində vaxtlarını daha da səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün təşkil edilir.
Turnir aprelin 26-dək davam edəcək.