RAYON MƏDƏNİYYƏT EVİ VƏ SƏRGİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 18-də, Heydər bağında sakinlərlə görüşdən sonra Qəbələ rayon mədəniyyət evinə gəlmişdir. Dövlətimizin başçısı mədəniyyət evinin ansamblının çıxışını dinlədi, burada təşkil edilmiş sərgi ilə tanış oldu.
Rayon Mədəniyyət şöbəsinin müdiri Nargilə Qafarova Prezident İlham Əliyevə son aylar ərzində görülən işlər və sərgi barədə məlumat verdi. Bildirildi ki, burada texniki yaradıcılıq mərkəzinin əl işləri nümayiş olunur. Texniki yaradıcılıq mərkəzində hazırlanmış əl işləri ötən il Bakıda keçirilən müsabiqədə birinci yer tutmuşdur.
Azərbaycan Prezidenti Uşaq yaradıcılıq mərkəzində məşğul olanların əl işləri, qədim xalq sənəti nümunələri, “Mənsur 555” müəssisəsinin istehsal etdiyi mebellə, qapı və pəncərələrlə tanış oldu. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq, bu müəssisə fəaliyyətini genişləndirmiş və əlavə 20 iş yeri açılmışdır.
Ağac üzərində oyma sənəti ilə məşğul olan Şahin Rəhimov öz əl işləri barədə dövlətimizin başçısına məlumat verərək dedi ki, bu məhsullar xaricilər tərəfindən də yüksək qiymətləndirilir və münasib qiymətə satılır. Dövlətimizin başçısı İlham Əliyev xalq sənətinin, onun dəyərli nümunələrinin qorunub saxlanmasının vacibliyini bildirdi.
Sonra Azərbaycan Prezidenti incəsənət məktəbi uşaqlarının əl işlərinə, turizm istirahət mərkəzlərinin fotoşəkillərinə, “Azərxalça”nın yeni yaranmış və 80 nəfərlik işçisi olan Qəbələ filialında toxunan xalçalara baxdı, makaron məmulatları fabrikinin məhsullarının çeşidləri ilə maraqlandı. Bildirildi ki, bu fabrikdə 20 nəfər işlə təmin olunmuşdur.
Dövlətimizin başçısı sərgidə nümayiş etdirilən məhsullara bazarda tələbat olduğunu, qədim xalq sənətinin yaşadılmasının zəruriliyini vurğuladı, sahibkarlara dövlət tərəfindən bundan sonra da qayğı göstəriləcəyini bildirdi.
Prezident İlham Əliyevə xatirə olaraq xalça hədiyyə edildi.
Azərbaycan Prezidenti daha sonra yeni bərpa olunmuş mədəniyyət evi, onun 300-dən çox tamaşaçı tutan açıq teatrı ilə tanış oldu və burada xatirə şəkli çəkdirdi.