“REAL SAĞLAMLIQ” TİBB MƏRKƏZİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Sumqayıtda “Real sağlamlıq” tibb mərkəzində olmuşdur.
Dövlətimizin başçısını bu özəl tibb müəssisəsinin işçiləri binanın önündə böyük hörmət və ehtiramla qarşıladılar, ona gül dəstəsi təqdim etdilər.
Prezident İlham Əliyev əvvəlcə tibb mərkəzinin foyesində “Müasir Azərbaycan Respublikasının banisi Heydər Əliyev və səhiyyə” guşəsinə baxdı.
Mərkəzin baş həkimi Təranə Rəcəbli məlumat verdi ki, bu il martın 23-də istifadəyə verilmiş ginekoloji təmayüllü bu tibb mərkəzi müasir avadanlıqla təchiz olunmuşdur. Mərkəzin 70 əməkdaşı ambulatoriya şəraitində, habelə 30 çarpayılıq stasionarda qadınlara yüksək ixtisaslı xidmət göstərəcəkdir. Yeni mərkəzin tibb heyəti texnika və avadanlıq təqdim etmiş xarici firmaların nümayəndələri ilə üç ay ərzində məşğələlər keçmişdir.
Dövlətimizin başçısı mərkəzin poliklinikasındakı funksional diaqnostika, fizioterapiya, nevrologiya, oftalmologiya kabinetləri ilə, habelə müxtəlif laboratoriyalarla tanış oldu. Mərkəzin ikinci mərtəbəsində yerləşən stasionardakı doğum şöbəsinin yaxşı təchiz olunmuş palatalarını, əməliyyat otaqlarını gəzdi, yeni doğulmuş körpələrə baş çəkdi.
Prezident İlham Əliyev ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin vacibliyini, belə səhiyyə müəssisələrinin yaradılmasının əhəmiyyətini vurğuladı, Avropa standartlarına uyğun yaradılan, ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunan tibb mərkəzindəki şəraiti yüksək qiymətləndirdi və kollektivə uğurlar arzuladı.