Regionların vəziyyəti, vətəndaşların sağlamlığı və təhlükəsizliyi dövlətimizin başçısı üçün prioritetdir
Bakı, 4 mart, AZƏRTAC
Prezident İlham Əliyev hər zaman hər bir Azərbaycan vətəndaşının yanındadır. Azərbaycan vətəndaşları ən çətin anlarda dövlət başçısının onlara dəstək verəcəyinə əmindirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Ekspert bildirib ki, Prezident İlham Əliyev martın 3-4-də Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz rayonlarında oldu, müxtəlif obyektlərin açılışında iştirak etdi, ictimaiyyət nümayəndələri ilə görüşdü. Azərbaycan Prezidentinin bu addımı bir daha göstərdi ki, ölkənin regionlarında vəziyyət, insanların problemlərinin həlli, vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi dövlət başçısı üçün prioritet təşkil edir.
O qeyd edib ki, Prezident İlham Əliyev ən çətin, təhlükəli anlarda xalqın yanında, insanların arasında olub. Azərbaycanda zəlzələ və daşqın olanda, cəbhə bölgəsində hərbi əməliyyatlar gedəndə dövlətimizin başçısı hadisə yerinə gedərək, vəziyyətlə şəxsən tanış olub, insanlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı göstəriş və tövsiyələrini verib.
“Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, peşəsindən, fəaliyyət istiqamətindən, hansı bölgədə, hansı şəraitdə yaşamasından asılı olmayaraq, Prezident İlham Əliyev onları tək qoymayacaq, öz diqqət və qayğısını onlardan əsirgəməyəcək. Səngərdə, düşmənlə üz-üzə dayanan əsgər də, öz gündəlik fəaliyyəti ilə ölkə iqtisadiyyatına, kənd təsərrüfatına, səhiyyəyə, təhsilə töhfə verən sahibkar da, fermer, həkim, müəllim də... yaxşı bilir ki, ölkəmizin bu günü və gələcəyi əmin əllərdədir” , - deyə E.Mirzəbəyli əlavə edib.
Onun sözlərinə görə, 2016-cı ilin aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəymiş, 32 ev tamamilə dağıdılmışdı. Azərbaycan Prezidenti bu hadisədən 3 gün sonra artıq Tərtər rayonunda idi. Dövlətimizin başçısı nəinki Tərtər şəhərindəki dağıdılmış evlərlə tanış oldu, hətta cəbhə xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndinə gələrək, sakinlərlə görüşdü, onlarla birlikdə olduğunu nümayiş etdirdi.
Siyasi ekspert vurğulayıb ki, 2019-cu il fevralın 5-6-da Ağsu, İsmayıllı, Şamaxı rayonlarında dağıntılara səbəb olan zəlzələdən dərhal sonra - fevralın 7-də Azərbaycan Prezidenti təbii fəlakətin baş verdiyi ərazilərə səfər edərək, müvafiq qurumlara zəlzələnin nəticələrinin tez bir zamanda aradan qaldırılması üçün göstərişlərini verdi, sakinlərlə görüşərək onların problemlərini öyrəndi.
“İlham Əliyevin prezident kimi fəaliyyətdə olduğu zaman kəsiyi bu qəbildən olan hadisələrlə zəngindir. Bu isə öz xalqını canından artıq sevməyi bacaran, sözdə, fikirdə, əməldə xalqı ilə birlikdə olan liderlərə xas xüsusiyyətdir. Prezident İlham Əliyevin vətəndaşlarla bütün görüşlərinin leytmotivini sadə insanların dilindən səslənən bir fikir təşkil edir: Yaxşı ki, varsınız! Biz Sizə arxalanırıq!
Hesab edirəm ki, İlham Əliyevə ümumxalq sevgisinin təməlində də məhz bu inam, etimad, qarşılıqlı təmənnasız sevgi dayanır” , - deyə Elçin Mirzəbəyli bildirib.