CƏMİYYƏT
Rəhman Hacıyev: QDF-ə ianə edən şəxslərə maliyyə hesabatlarını ötürməkdə maraqlıyıq

Bakı, 9 iyun, AZƏRTAC
Bu gün burada biz Qarabağ Dirçəliş Fondunun (QDF) tərəfdaşları, ianəçiləri olan Azərbaycanın aparıcı şirkətlərin rəhbərləri ilə görüşürük. Prinsipcə bu format artıq ənənəvi xarakter daşıyır. Biz yarandığımız gündən Fondu dəstəkləyən, ianə edən təşkilatlarla sahibkarlarla, həmkarlarla daimi görüşürük. Əsas məqsəd Fondu dəstəkləyən şirkətlərin qarşısında müəyyən hesabatın aparılmasıdır. Çünki biz Fonda ianə edən şəxslərə daimi fəaliyyətimiz, maliyyə hesabatları haqqında məlumatları ötürməkdə maraqlıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.
O, həmçinin bildirib ki, bu gün ölkənin aparıcı biznes qurumları ilə keçirilən görüşdə Füzuli və Ağdam şəhərlərində Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat veriləcək: "Əlbəttə, bizim bugünkü diqqətimiz Füzuli Mərkəzi Parkı və Ağdamın İmarət xan Sarayının bərpasına yönəldiləcək. Bu gün burada donorlara həmin layihələrin konseptləri təqdim olunacaq. Fürsətdən istifadə edərək biz müəyyən təşkilatlara bu layihələri dəstəkləmək imkanı haqqında da məlumatlar verəcəyik. Məsələn, biz bu gün burada yaxın günlərdə Gəncədə baş tutacaq Qarabağ gecəsi ikinci xeyriyyə konsertini təqdim edəcəyik. Bu konsertdən əldə olunan bütün vəsaitlər elə İmarətin bərpasına yönəldiləcək. Yəni, prinsipcə bizim əsas məqsədlərimiz bunlardır".
Gələcəkdə də belə görüşlərin davam etdiriləcəyini söyləyən Rəhman Hacıyev sahibkarları, rəhbər şəxsləri dinləməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.