REGİONLAR
Rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır
Xankəndi, 10 dekabr, AZƏRTAC
Xankəndi şəhərindəki Hidrometeoroloji Stansiya işğal zamanı dağıdılmayan yeganə stansiyadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, işğal olunmuş ərazilərimizdə 9 meteoroloji, 16 hidroloji stansiya olub, hamısı dağıdılıb, yalnız Xankəndi Hidrometeoroloji Stansiyası qalıb.
“Hidrometeoroloji vəziyyətin öyrənilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 5 avtomat meteoroloji stansiya quraşdırılaraq istifadəyə verilib. 2025-ci ildə daha 5 ədəd, o cümlədən Xankəndi şəhərində avtomat meteoroloji stansiyaların quraşdırılması nəzərdə tutulur”, - deyə xidmət rəisinin müavini bildirib.