REJİSSOR HÜSEYNAĞA ATAKİŞİYEVİN XATİRƏ GECƏSİ
Azərbaycan Dövlət Gənclər Teatrının, Kinematoqrafçılar İttifaqının və Kinoaktyorlar Gildiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbiri Aktyorlar Gildiyası sədrinin müavini, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Dövlətfilm fondunun direktoru, rejissor Cəmil Quliyev açaraq Hüseynağa Atakişiyevin Azərbaycan teatr tarixindəki mövqeyindən danışmışdır. Bildirmişdir ki, teatrımızın 130 illik tarixinə H.Atakişiyevin adı qızıl hərflərlə yazılmalıdır.
Tədbirdə vurğulanmışdır ki, Hüseynağa Atakişiyevin rejissorluq fəaliyyəti respublika teatrları arasında xüsusi yer tutan Şəki teatrından başlamışdır. Şəki teatrının əyalət teatrı adlandırılmasını, ümumiyyətlə “əyalət teatrı” ifadəsini o qəbul etmirdi. H.Atakişiyev hesab edirdi ki, harada fəaliyyət göstərməsindən asılı olmayaraq, teatr ciddi çalışmalı, tamaşacılara maraqlı və keyfiyyətli əsərlər təqdim etməlidir.
Aktyor Ramiz Əzizbəyli, teatrşünas Məryəm Əlizadə və başqaları belə bir yekdil fikri ifadə etmişlər ki, H.Atakişiyev istər dünya, Azərbaycan klassiklərinin, istərsə də müasir müəlliflərin əsərlərini müvəffəqiyyətlə tamaşaya qoyan nadir rejissorlarımızdan idi.
Həmkarları və yoldaşları onu ciddi, səmimi, xeyirxah, gözəl teatr rejissoru kimi dəyərləndirmişlər.
Tədbirdə H.Atakişiyevin quruluş verdiyi tamaşalardan parçalar, filmotekada saxlanılmış sənədli kadrlar göstərilmişdir.