Rəqəmsal inkişaf və nəqliyyat naziri ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Bakı, 10 fevral, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elkiyar Ziyadov və Etibar Hüseynov ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, layihənin idarəçi rəhbərlərindən biri olaraq Rəşad Nəbiyev birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini və potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini qeyd edib. Nazir bildirib ki, qaliblərin Mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə rəqəmsal inkişaf və nəqliyyat nazirinə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Qaliblər idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünü inkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.