“Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin ikinci nəşri çap edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, “Bank of Baku“ ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantı Tamerlan Rüstəmov və Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, Azərbaycan Texniki Universitetinin baş müəllimi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Xəyaləddin Tağıyev tərəfindən “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin ikinci nəşri çap edilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, dərslik “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində hazırlanıb və Təhsil Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində qeyri-iqtisadi profil ixtisası üzrə tədrisi tövsiyə edilib. Yeni nəşrdə rəqəmsal ödəniş ekosistemi sahəsində qlobal trendlər, rəqəmsal bankçılıq konsepsiyası və qabaqcıl maliyyə bazarlarına malik ölkədə bu konsepsiyanın realizasiya istiqamətləri, fintex ekosisteminin inkişafında mühüm rol oynayan sandbox rejimi və onun tətbiqi xüsusiyyətləri, ölkəmizdə formalaşan rəqəmsal ödəniş ekosisteminin yenilikçi maliyyə institutları haqqında məlumatlar əks olunub.
Ali təhsil ocaqlarında tədris ediləcək bu dərslik nəzəri yanaşmanı və praktik məsələləri əhatə etdiyinə görə bank əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşməsində, həmçinin əhalinin maliyyə savadlılığının yüksəlməsində mühüm rol oynayacaq.