Rəşad Həsənov: İRİA-nın müxtəlif təhsil layihələri çərçivəsində bugünədək 10 minədək məzun hazırlanıb
Bakı, 17 iyul, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) müxtəlif təhsil layihələri çərçivəsində bugünədək 10 minə yaxın məzun hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramı olan - “IT SkillSprint”in bağlanış mərasimindəki çıxışı zamanı deyib.
O qeyd edib ki, son bir il ərzində təqaüd proqramları üzrə 770 nəfər məzun olub, olimpiada və müsabiqələrdə 26 min 594 nəfər iştirak edib, 10 beynəlxalq tərəfdaş ilə əməkdaşlıq qurulub.
“Bu tərəfdaşlar sırasında “Boeing”, “Holberton School”, “StrategEast”, “Harbour.Space”, “Vistar”, EPAM, “Andersen”, “Cisco”, “Ironhack” və “Hertie School” kimi şirkətlər yer alır. Qeyd olunan yanaşmaların ali təhsil müstəvisində uğurlu tətbiq nümunələrindən biri də "IT SkillSprint" proqramıdır. Bu layihə dövlət–universitet–özəl sektor əməkdaşlığının uğurlu nümunələrindən biridir. Proqram çərçivəsində dövlət qurumlarının institusional dəstəyi, ali təhsil müəssisələrinin akademik potensialı və beynəlxalq təlim tərəfdaşı “Ironhack” şirkətinin qlobal təcrübəsi vahid platformada birləşdirilib”, - deyə nazir müavini qeyd edib.
R.Həsənov diqqətə çatdırıb ki, artıq proqramın ilk mərhələsində 9 ali təhsil müəssisəsindən 120 tələbə iştirak edib: “İştirakçılar 4 istiqamət üzrə 6 aylıq intensiv bootcamp proqramını uğurla tamamlayaraq müasir texnologiyalar üzrə praktiki bilik və bacarıqlar əldə ediblər”.
Fotoqraf - Səfiyar Məcnun