ELM VƏ TƏHSİL
Rəsədxanada Beynəlxalq Astronavtika Konqresinə geniş hazırlıq tədbirləri görülür
Bakı, 27 aprel, AZƏRTAC
Dünyanın kosmik klubunun məhdud sayda üzvlərindən biri olan ölkəmiz bu il oktyabrın 2-dən 6-dək “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Beynəlxalq Astronavtika Konqresinə yenidən ev sahibliyi edəcək. Belə ki, 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçmiş Sovet İttifaqı dövründə də Azərbaycanda bu mötəbər tədbir keçirilib. Əlli il sonra isə kosmosda öz peykləri olan müstəqil Azərbaycan Respublikası bu tədbirə ev sahibliyi edir ki, bu da ölkə rəhbərliyinin düzgün qurulmuş inkişaf strategiyasının bariz nümunəsidir.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında da beynəlxalq konqresə geniş hazırlıq tədbirləri görülür.
Bu sözləri AZƏRTAC-a müsahibəsində rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov söyləyib. N.Cəlilov bildirib ki, dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan peşəkar mütəxəssislər, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla kosmos ictimaiyyətinin 6 mindən çox nümayəndəsini bir araya gətirən bu qlobal platformada Şamaxı Astrofizika Rəsədxanası öz elmi heyəti ilə təmsil olunacaq.
“Konqresin elmi sessiyasında rəsədxananın təcrübəli tədqiqatçıları tərəfindən astronomiyanın aktual istiqamətləri üzrə elmi məruzələr edilməsi, həmçinin müxtəlif kosmik proqramlar çərçivəsində elmi diskussiyalarda iştirakı nəzərdə tutulur”,- deyə Namiq Cəlilov bildirib.
Alim qeyd edib ki, konqres iştirakçıları üçün bir sıra mədəni turlar da təşkil olunacaq. Həmin turlar çərçivəsində qonaqların Şamaxı Astrofizika Rəsədxanasına səfəri də gözlənilir. Qonaqlar rəsədxana və onun texniki avadanlıqları ilə tanış olacaqlar.