RƏSMİ PEKİNİN AZƏRBAYCANA DOST MÜNASİBƏTİ DƏYİŞMƏYƏCƏK
Qonağı səmimiyyətlə salamlayan Murtuz Ələsgərov ölkələrimiz arasında münasibətlərin səviyyəsini yüksək qiymətləndirmiş və bu işdə ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, ümummilli liderin, eləcə də Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış sənədlər əlaqələrimizin inkişafında mühüm rol oynayır. Parlamentlərarası əlaqələrimiz də yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər zamanı keçirilən görüşlər bizi daha da yaxınlaşdırır, mehriban edir. Azərbaycan Cənubi Qafqazın ən çox inkişaf etmiş ölkəsidir. Amma Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi inkişafımıza ciddi maneələr yaradır. Çin dünyanın ən qüdrətli dövlətlərindən biridir və onun BMT Təhlükəsizlik Şurasında Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Ümid edirik ki, Çin Xalq Respublikasının mövqeyi bundan sonra da dəyişməyəcək.
Sonra Murtuz Ələsgərov səfirə bundan sonrakı fəaliyyətində uğurlar arzulamışdır.
Səfir Çjan Siyun səmimi qəbula və xoş sözlərə, eləcə də Azərbaycanda fəaliyyət göstərdiyi 3 ildən çox bir vaxtda ona göstərilən köməkliyə görə Azərbaycan xalqına, dövlətimizin başçısına və Milli Məclisin sədrinə minnətdarlığını bildirmişdir. O demişdir ki, Çin hökuməti Azərbaycandakı dinamik inkişafı diqqətlə izləyir. Hazırda çinli iş adamları Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu artırmaq niyyətindədirlər. Diplomat onu da bildirmişdir ki, rəsmi Pekin Azərbaycanın regiondakı rolunu da yüksək qiymətləndirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləmişdir və bu siyasət dəyişməyəcək.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.