Respublika Gənclər Kitabxanası Respublika Gününə həsr olunmuş silsilə tədbirlər keçirib
Bakı, 29 may, AZƏRTAC
Gənclərin hərbi-vətənpərvərlik, əxlaqi tərbiyəsində müstəsna əhəmiyyətli fəaliyyəti ilə seçilən Respublika Gənclər Kitabxanası həmişə olduğu kimi, bu il də 28 May - Respublika Gününə həsr edilmiş silsilə tədbirlər həyata keçirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bunlardan ilkləri “Zoom” platforması üzərindən təşkil olunan tədbirlər olsa da, kitabxana əməkdaşları sözügedən əlamətdar tarix ilə əlaqədar bir sıra maarifləndirici materiallar da hazırlayıblar.
Kitabxana Respublika Günü ilə əlaqədar “Şərqin ilk demokratik respublikası” adlı biblioqrafik icmal, “28 May - Respublika Günü” adlı virtual sərgi və videoçarxlar hazırlayıb. Hər iki vəsaitdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qurucuları haqqında geniş məlumat verilib. Burada ilk demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, fotoşəkillər öz əksini tapıb. Virtual sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyətinə həsr edilmiş 20 adda kitabın biblioqrafik təsviri və annotasiyası verilib. Sözügedən vəsaitlər istifadəçiyə qısa zaman kəsiyində cümhuriyyətin yaranma tarixi və fəaliyyəti haqqında qısa, lakin, eyni zamanda, dolğun məlumat verir.
Qeyd edilir ki, uzun illər öz müstəqilliyi, ərazi bütövlüyü uğrunda əzmkarlıqla çalışan, vuruşan, mübarizə aparan Azərbaycan ilk müstəqillik hissini məhz 1918-ci il 28 may tarixində yaşayıb. Lakin müstəqillik təsadüfü olmur və müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Vaxtı ilə Azərbaycan Şərqin ilk demokratik respublikasının təməlini qoyub. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsasını qoyub və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Onun süqutundan sonra Sovet imperiyasının 70 illik əsarətinə 1991-ci ildə müstəqilliyimizi elan etməklə son qoyulub. Azərbaycan bu gün də qalib bir xalqdır. Bu il ilk dəfədir ki, biz bir xalq olaraq Respublikası Gününü 30 ilə yaxın həsrəti ilə yaşadığımız Qarabağ torpaqlarında qarşılayırıq.
Bundan əlavə, Respublika Gənclər Kitabxanası Respublika Günü ilə əlaqədar videomateriallar da hazırlayıb. Kitabxananın sosial şəbəkələrinə yüklənən bu videoçarxlardan biri ümmummili lider Heydər Əliyevin AXC-nin yaranması, fəaliyyəti, əhəmiyyəti, tarixdə tutduğu mövqeyi və ümumilikdə Azərbaycanın müstəqilliyinə dair söylədiyi çıxışların, müdrik fikirlərin toplusundan ibarətdir.
Digər videomateriallar isə AXC-nin yaranma tarixindən Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik qazanmasına qədər olan dövrü əhatə edir. Qısa və maraqlı formada tarixi faklar söylənilir, xronoloji ardıcıllıqlar diqqətə çatdırılır.