Respublika Günü münasibətilə könüllülər üçün onlayn konsert olub
Bakı, 28 may, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşəbbüsü, Gənclər Fondunun və “ASAN Könüllüləri”nin dəstəyi ilə 28 May - Respublika Gününə həsr edilən “Könlüm Azərbaycan” adlı onlayn konsert proqramı təşkil olunub.
AKTİ-dən AZƏRTAC-a bildiriblər ki, ittifaqın feysbukdakı səhifəsindən canlı yayımlanan və bu formatda ilk dəfə keçirilən konsert proqramında ölkənin bir sıra tanınmış müğənniləri, eləcə də müxtəlif könüllü təşkilatlarını təmsil edən istedadlı gənclər çıxış ediblər.
Tədbirdə bildirilib ki, xalqımızın müstəqillik tarixinə qızıl hərflərlə yazılmış 28 May - Respublika Günü müasir azad Azərbaycanın gəncləri tərəfindən böyük sevinc və qürur hissi ilə qeyd olunur. Düz 103 il əvvəl məhz bu gün müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütün dünyaya bəyan edilib.
Tədbir müğənnilərlə Azərbaycan könüllülərinin birgə və solo ifaları ilə davam edib. “Eurovision” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, estrada ulduzu İlhamə Qasımova, “Azərbaycan Könüllüləri” və “Formula 1” könüllülərinin himnlərinin müəllifi, Avropa Gənclər Olimpiya Festivalı könüllülərinin ulduz səfiri Tofiq Hacıyev, aparıcı və müğənni Seyran Babayev ifaçılar arasında yer alıblar. Konsert proqramı könüllülər tərəfindən hazırlanmış xüsusi rəqs nömrələrinin nümayişi ilə davam edib.
Tədbirin yekununda Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı altında Azərbaycan könüllülərinin hər zaman xüsusi birlik və həmrəylik nümayiş etdirərək əhəmiyyətli işlər gördükləri və bundan sonrakı fəaliyyətlərində də xalqımızın rifahı, eləcə də ölkəmizin inkişafı uğrunda yorulmadan çalışacaqları qeyd olunub.