RESPUBLİKA HƏRBİ PROKURORLUĞUNDA ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Müşavirənin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Əməliyyat müşavirəsində qeyd edilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü və uzaqgörən siyasət nəticəsində ölkəmizdə demokratik, hüquqi və sivil dövlət yaradılmış, “Əsrin müqaviləsi”nin imzalanması, geniş miqyasda xarici sərmayələrin cəlb edilməsi və bu cür xarakterli digər tədbirlər sayəsində respublikamızın iqtisadi müstəqilliyinə nail olmaqla, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, dönməz ictimai-siyasi sabitlik bərqərar edilmiş, qanunun aliliyinə əsaslanan vətəndaş cəmiyyətinin formalaşdırılmasının təməli qoyulmuşdur.
Hazırda ölkəmizin dövlətçilik siyasətinin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, hərtərəfli sosial-iqtisadi inkişafın təmin olunması, cəmiyyətin demokratikləşməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Məruzə ilə çıxış edən respublika hərbi prokuroru vəzifəsini icra edən İlham Məmmədov hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə qanunçuluğun daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə və hərbi nizamnamələrə əməl olunması sahəsində görülmüş işlər və buraxılmış nöqsanları hərtərəfli təhlil etmiş, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mərkəzi aparat tərəfindən tabe hərbi prokurorluqların fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi barədə konkret tapşırıqlar vermişdir.
Cari ilin birinci yarısında qeydə alınmış cinayətlərin, o cümlədən, fərarilik hallarının sayının əhəmiyyətli dərəcədə azalması, onların açılma faizinin yüksəlməsi, dövlətə dəymiş ziyanın əsasən ödənilməsi kimi müsbət statistik göstəricilər diqqətə çatdırılmaqla, bu istiqamətdə həyata keçirilən işlərin səmərəliliyinin daha da artırılması üçün əlavə tədbirlərin görülməsinin zəruriliyi vurğulanmışdır. Hərbi qurumlarda nizamnamələrin tələblərinə əməl edilməsi, hərbi qulluqçuların hüquqlarının pozulması hallarının qarşısının alınması üçün hərbi prokurorluq orqanları tərəfindən görülən işlər barədə də ətraflı məlumat verilmişdir.
İlin birinci yarısında hərbi prokurorluqların fəaliyyətinin yekunlarının müzakirəsi ilə əlaqədar Gəncə, Qazax, Qarabağ, Tərtər, Füzuli və Lənkəran qarnizonları üzrə keçirilən müşavirələrin nəticələri və görülmüş tədbirlər barədə məlumatlar dinlənilmişdir. Hesabat dövründə hərbi prokurorluq orqanlarının fəaliyyətində əsas istiqamətlərdən biri kimi vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tələbi ilə vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsi məsələlərinin gündəlik nəzarətdə saxlanıldığı, Hərbi Prokurorluğun mərkəzi aparatının idarə və şöbələrində, ərazi hərbi prokurorluqlarında bu məsələnin mütəmadi olaraq yoxlanılmaqla müvafiq tədbirlər görüldüyü diqqətə çatdırılmışdır.
Müşavirədə çıxış edən respublika Hərbi Prokurorluğunun idarə və şöbə rəisləri, digər natiqlər işdə yol verilmiş nöqsanların aradan qaldırılması üçün səylərini artıracaqlarını bildirmişlər.
Əməliyyat müşavirəsində diqqətə çatdırılmışdır ki, respublika Hərbi Prokurorluğunun kollektivi dövlətimizin müstəqilliyinin, qanunların aliliyinin qorunması və möhkəmləndirilməsi yolunda bundan sonra da zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.