Respublika Seysmoloji Xidmət Mərkəzinin aztəminatlı əməkdaşlarına yardım edilib
Bakı, 1 iyul, AZƏRTAC
Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə bir sıra dövlət əhəmiyyətli qurumlar kimi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məhdud sayda əməkdaşlarını işə cəlb etməklə fəaliyyətini fasiləsiz olaraq davam etdirir.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, RSXM rəhbərliyinin təşəbbüsü ilə iyulun 1-də mərkəzin bir qrup aztəminatlı əməkdaşına Həmkarlar Təşkilatının dəstəyi ilə ərzaq yardımı paylanılıb.
Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, hazırda bütün dünya ölkələri koronavirus pandemiyası ilə üz-üzə qalıb: “Faktiki olaraq bu gün bütün dünya bu virusla müharibə aparır. Bizim ölkəmizdə virusla bağlı mübarizəyə dair əvvəlcədən bir sıra qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, təəssüflər olsun ki, Azərbaycanda da yoluxma halları baş verdi. Bu gün dövlət rəhbərliyi tərəfindən hər şey edilir ki, insanların sağlamlığı qorunsun. Lakin burada vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Hər bir vətəndaş Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələblərə birmənalı şəkildə əməl etməlidir”.
Dövlət əhəmiyyətli bir sıra qurumlar kimi RSXM-nin də karantin rejimində fəaliyyətini davam etdirdiyini qeyd edən baş direktor əməkdaşları bir daha qoyulan rəsmi tələb və qaydalara əməl etməyə çağırıb: “Respublika Seysmoloji Xidmət Mərkəzi respublika ərazisində zəlzələlərin emalı, tədqiqi və elmi araşdırılması ilə məşğul olan yeganə dövlət təşkilatı olduğuna görə karantin rejimi dövründə Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən dövlət təşkilatlarının siyahısı üzrə məhdud sayda əməkdaşlarımızla işimizi davam etdiririk. İşdə əməkdaşların sosial məsafə saxlaması və sanitar-gigiyenik tələblərə uyğun işləməsi üçün şərait yaradılıb. Amma biz bu qaydalara hər yerdə əməl etməliyik”.
Baş direktor pandemiya dövründə aztəminatlı işçilərə dəstək olmaq məqsədilə Həmkarlar Təşkilatının dəstəyi ilə ərzaq yardımı göstərildiyini bildirib.
Qeyd edək ki, 15 çeşiddə ərzaq məhsullarından ibarət yardım paketləri mərkəzin 24 aztəminatlı əməkdaşına paylanılıb.