CƏMİYYƏT
Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Özbəkistandakı beynəlxalq konfransda sertifikatlarla təltif olunublar




Bakı, 18 sentyabr, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Federal Tədqiqat Mərkəzi, Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidməti, Özbəkistan Respublikası Elmlər Akademiyasının Seysmologiya İnstitutu, Özbəkistan Elmlər Akademiyası, MDB üzv dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu, Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzinin birgə təşkilatçılığı ilə “Seysmoloji məlumatların müasir üsullarla emalı və təfsiri” mövzusunda XVII Beynəlxalq Seysmoloji Konfrans keçirilib.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları iştirak ediblər.
RSXM-in İnformasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev “Azərbaycanda tikinti sahələrində seysmik effektin dəqiqləşdirilməsi təcrübəsi”, Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin kiçik elmi işçiləri - İlhamə Cəlilova “Bakı şəhəri ərazisinin seysmik təhlükə səviyyəsinin dəqiqləşdirilməsi məqsədilə mühəndisi-geoloji şəraitinin tədqiqi”, Firuzə Mehdizadə “Bakı şəhərinin seysmik aktiv rayonlarında hidrogeoloji və geomorfoloji faktorlarının seysmik təhlükəyə təsiri” mövzusunda məruzə ilə çıxış ediblər.
Sonda RSXM əməkdaşları təşkilatçılar tərəfindən sertifikatla təltif olunublar.
Sentyabrın 18-də mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli sertifikatları konfransda iştirak edən RSXM əməkdaşlarına təqdim edib və onlara gələcək işlərində uğurlar arzulayıb.