Səbail rayonunda yerləşən və təmayülünə görə respublikada yeganə olan 219 nömrəli evdə məktəbin direktoru Sədaqət xanım Məmmədova
AZƏRTAC-a bildirmişdir: Yeni dərs ilini yeni binada qarşılayırıq. Burada pedaqoji kollektiv üçün hər cür şərait yaradılmışdır. İş burasındadır ki, şagirdlərimiz müvafiq həkim komissiyasının rəyi ilə evdə təhsil alırlar. İndiyədək rayonun liseylərindən birinə sığınmışdıq. Yeni ünvanda dörd otaqda yerləşmişik. Otaqları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollektivi yüksək keyfiyyətlə əsaslı təmir etdikdən sonra ixtiyarımıza vermişdir. Rabitəçilər bizi mebel dəsti ilə də təmin etmişlər. Təhsil Nazirliyi bütün siniflər üzrə dərsliklərə olan ehtiyacımızı ödəyib. Tezliklə kompyuter sinfi açacağıq. Şagirdlərimiz burada müxtəlif proqramlara yiyələnəcəklər. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə xanım Bayramovanın təşkilatçılığı ilə “Gəncliyə yardım” fondu uşaqlarımıza xaricdə istehsal olunmuş 6 əlil arabası vermişdir.
Direktor demişdir ki, göstərilən diqqət və qayğı kollektivin məsuliyyətini daha da artırır. Bu yaxınlarda başa çatmış qəbul imtahanlarında məktəbin 100-dən artıq məzununun müxtəlif universitetlərin tələbəsi adını qazanması təsadüfi deyildir. Bu, ilk növbədə, pedaqoji qabiliyyətini və qəlbinin hərarətini xəstə uşaqlardan əsirgəməyən müəllimlərin fədakarlığının bəhrəsidir.
İlk dərslərdə Azərbaycan dövlətçiliyindən, bu dövlətçiliyin qorunub saxlanmasında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərindən danışılacaqdır.