Rəvan Həsənov: Demokratik cəmiyyətdə mətbuat azadlığı və dini azadlıq bir-biri ilə əlaqəlidir
Şuşa, 23 sentyabr, Elçin Hüseynov, AZƏRTAC
Demokratik cəmiyyətdə mətbuat azadlığı və dini azadlıq bir-biri ilə əlaqəlidir, çünki onlar ən fundamental fərdi insan hüquqlarını qorumaq üçün birlikdə çalışırlar. Dini azadlıq müxtəlif inancların çiçəklənməsi üçün şərait yaradır, mətbuat azadlığı kimi vasitələrdən istifadə etməklə müdafiəyə ehtiyacı olan müxtəlif fikirlər və ideyalar yaradır. Mətbuat azadlığı isə müxtəlif fikir və ideyaların geniş şəkildə yayılmasının, təzyiq, senzura və ya ayrı-seçkilikdən qorunmasının təmin edilməsində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “İdeoloji mübarizədə din amili: Mediadan gözləntilər” mövzusunda seminar çərçivəsində təşkil edilən “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?” adlı sessiyada səsləndirib.
O vurğulayıb ki, mətbuat azadlığı və dini azadlıq azad və açıq müzakirə prinsiplərini dəstəkləməklə bir-birini tamamlayır. “Plüralist cəmiyyət insanların fərqli dəyər və inanclara sahib olduğu cəmiyyətdir ki, bu da bəzən qızğın mübahisələrə və müzakirələrə səbəb ola bilər. Dini dözümlülük, müxtəliflik və sərbəst məlumat axını ilə bağlı məsələlərdə azad və açıq müzakirələrin aparıla biləcəyi mühiti dəstəkləmək vacibdir. Azad və açıq müzakirələri təşviq etməklə mətbuat azadlığı və dini azadlıq bir-birini və demokratik institutları gücləndirir” - deyə Rəvan Həsənov qeyd edib.