Rəvan Həsənov: Dini maarifləndirmənin aparılmasında medianın rolu danılmazdır
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, daim dini məsələlərdə diqqətli olmalıdır. Ancaq mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, Azərbaycan istər regionun, istərsə də dünyanın ən sabit, təhlükəsiz və dinamik inkişaf edən ölkələrindən biridir. Bu gün din dünyada bir çox radikal qruplar tərəfindən siyasiləşdirilir və alətə çevrilir. Bu isə təkcə İslam dinində deyil yox, digər dinlərdə də özünü büruzə verir. Yaxın Şərq ölkələrində baş verən proseslər və dini radikalizmin yaratdığı problemlər göz qarşısındadır. Terrorizm, dini ekstremizm və radikalizmlə mübarizə ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edir.
Dini radikalizmə qarşı mübarizə hüquqi, ideoloji və iqtisadi istiqamətlərdə aparılır. Din və media mövzusu həmişə aktual olan məsələlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar çərçivəsində təşkil edilən “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır? mövzusunda seminarda söyləyib.
O bildirib ki, ideoloji sahədə yaranan problemlərin həllində, dini dəyərlərin təbliği, təşviqi, dinlə bağlı mövzuların ictimaiyyətə düzgün formada çatdırılması, dini radikalizmlə mübarizə, terrorizmə və ekstremizmə qarşı tənqid məsələlərində medianın üzərinə böyük vəzifə və məsuliyyət düşür. Dini mövzulara müraciət edən media nümayəndələri dini siyasiləşdirməyə cəhd, müxtəlif dini cərəyanların meydana gəlmə hallarını nəzərə alaraq diqqətli olmalıdır ki, arzuolunmaz hal yaşanmasın.
“Dinlə bağlı hər bir məsələ ciddi şəkildə araşdırılmalı, dəqiqləşdirilməlidir. Eyni zamanda, dini qurumlarla media arasında sıx əməkdaşlıq olmalıdır. Bu gün ölkəmizdə güclü dini maarifləndirmənin aparılmasına böyük ehtiyac var. Bu maarifləndirmədə ən əsas qüvvə mediadır. Ona görə hesab edirəm ki, bu gün bu sahədə mütəxəssislərin yetişdirilməsinə ehtiyac var”, - deyə Rəvan Həsənov qeyd edib.