“RƏY” MONİTORİNQ MƏRKƏZİNİN KEÇİRDİYİ SOSİOLOJİ SORĞUNUN NƏTİCƏLƏRİ AÇIQLANMIŞDIR
Tədbirdə mərkəzin direktoru Rizvan Abbasov, cari ilə yekun kimi, dekabrın 19-23-də Bakı və Sumqayıtla yanaşı, ölkəmizin 37 yaşayış məntəqəsində 18 və daha yuxarı yaşlı 1205 respondent arasında birbaşa müsahibə metodu ilə keçirilmiş sorğunun nəticələri haqqında məlumat vermişdir. 38 suala cavabların nəticəsində əhalinin Azərbaycanda baş verən hadisələrə, proseslərə münasibətinin öyrənildiyi diqqətə bildirilmişdir. Sorğuda iştirak edənlərin 85,2 faizinin Prezident İlham Əliyevin cari ildəki fəaliyyətini müsbət qiymətləndirdiyi, 70,3 faizinin isə ölkə başçımızı “2005-ci ilin adamı” adlandırdığı diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, bu suala cavab kimi, keçmiş ittifaq və ya xarici ölkə nümayəndələri də göstərilə bilərdi. Respondentlərin 47,5 faizi 2005-ci ilin ən mühüm hadisəsi kimi 6 noyabr parlament seçkilərini, 24,2 faizi bu seçkilərin çox yaxçı, 33,9 faizi yaxşı keçdiyini, 62,8 faizi isə ölkədə iqtisadi vəziyyətin yaxşılığa doğru getdiyini, ümumilikdə, gələn ilə ümidlə baxdıqlarını göstərmişlər. Sualların bir çoxunun xarici ölkələrə münasibətə aid olduğunu söyləyən R.Abbasov respondentlərin 60,7 faizinin qardaş Türkiyə ilə Azərbaycan arasındakı hazırkı dostluq münasibətlərini yüksək qiymətləndirdiklərini bildirmişdir.
Sonda kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılmışdır.