RİNN və ETX yeniyetmələr üçün kibertəhlükəsizlik üzrə təlimlər keçirib
Bakı, 27 noyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Elektron Təhlükəsizlik Xidmətinin (ETX) birgə təşkilatçılığı ilə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində təşkil edilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Cyber4kids” mövzusunda “İlyas Əfəndiyev adına Elitar Gimnaziya” və “Bakı Avropa Liseyi”ndə təlimlər keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd 13-17 yaş qrupunda olan uşaqların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və fərdi məlumatların mühafizəsi sahəsində məlumatlandırılmasından ibarət olub.
Təlim müddəti ərzində interaktiv tapşırıqlar icra olunmuş və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.