Robin Vitte: Alman şirkətlərinin sərgidə məqsədi əməkdaşlıq əlaqələrini genişləndirməkdir
Bakı, 3 iyun, AZƏRTAC
Almaniyanın “İEC” şirkəti “ABİCOR”, “ARİ-Armaturen”, “d-i davit”, “FLEXİM”, “Herrenknecht”, “LESER”, “Radlinger primus line”, “WEİCON” şirkətləri olmaqla neft-qaz sektorunda fəaliyyət göstərən 8 şirkəti təmsil edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin iştirakçısı, IEC Almaniya pavilyonunun direktoru Robin Vitte bildirib.
Onun sözlərinə görə, həmin şirkətlər neftin təkrar hasilatı, gəmi avadanlıqları və xidmətləri, dəniz platformaları, borular və boru kəmərləri, təhlükəsizlik mühəndisliyi, kəşfiyyat və hasilat, qazma, dəniz quyuları xidməti, ətraf mühitin mühafizəsi və ölçmə sistemləri sahələri üzrə ixtisaslaşıblar.
R.Vitte qeyd edib ki, Almaniyanın neft və qaz brendlərinin sərgidə iştirakının məqsədi gələcək əməkdaşlıq üçün Azərbaycan bazarında yeni şirkətlər tapmaqdır: “Uzun illərdir ki, Almaniya pavilyonu Xəzər neft və qaz sərgisində iştirak edir. İlk iş gününün nəticələrinə əsasən deyə bilərəm ki, sərgidə iştirak edən həmkarlarım sərginin gedişatından razıdırlar. Hesab edirəm ki, belə tədbirlər hər il Azərbaycana gələn bütün iştirakçı şirkətlərə yaxşı və uğurlu nəticələr verir ki, bu da onların bitmək bilməyən marağından xəbər verir. Biz həmişə həvəslə pavilyonumuzu təşkil edir, şirkətlərə maliyyə və texniki dəstək veririk. İstənilən sərgi biznes üçün vacibdir, öz brendini təbliğ edən bazar iştirakçıları üçün görüşlər təşkil edir, yeni əlaqələr yaratmağa və sənayenin inkişafı haqqında məlumat toplamağa kömək edir”, - deyə Almaniya pavilyonunun direktoru vurğulayıb.