R.RİZAYEV: “AZƏRBAYCANLA RUSİYA ARASINDA SİYASİ MÜNASİBƏTLƏR SABİT OLARAQ YÜKSƏK SƏVİYYƏDƏDİR”
Diplomat demişdir: “Azərbaycanla Rusiya arasında siyasi münasibətlər sabit olaraq yüksək səviyyədədir. Deyə bilərəm ki, hazırda ölkələrimiz arasında həll edilməmiş heç bir prinsipial əhəmiyyətli məsələ yoxdur”. R.Rizayevin sözlərinə görə, Azərbaycanla Rusiya arasında qarşılıqlı münasibətlərin inkişafından danışarkən iki mərhələni – Vladimir Putinin dövlət başçısı olmasından əvvəlki və sonrakı mərhələləri ayırmaq lazımdır. O, dövlət başçısı olduğu vaxtdan ölkələrimizin liderləri arasında tam qarşılıqlı anlaşma yarandı, iki ölkə qarşısında duran ümumi vəzifələr başa düşüldü. Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevi və Vladimir Vladimiroviç Putini qarşılıqlı yüksək hörmət və rəğbət telləri bağlayırdı. Bu, bir çox mühüm siyasi, iqtisadi problemlərin və digər məsələlərin həllinə çox kömək edirdi. Beləliklə, Azərbaycan-Rusiya münasibətləri yeni dinamika aldı, yüksələn xətlə inkişaf etməyə başladı.
İndi də Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı şəxsi səmimi münasibətlər ölkələrimizin münasibətlərinin uğurlu inkişafına təkan verir. Diplomat demişdir: “Çox mühüm haldır ki, Azərbaycanda hakimiyyətin rəvan şəkildə dəyişməsi Heydər Əliyevin xarici siyasət xəttinin dəqiq varisliyini də öncədən müəyyənləşdirmişdir. Bu, Rusiya barəsində etibarlı strateji tərəfdaşlıq xəttidir”.