CƏMİYYƏT
RSXM-də Anım Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 26 sentyabr, AZƏRTAC
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Mərkəzin Elektron xidmətlər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Anım mərasimində çıxış edən RSXM-nin baş direktoru professor Qurban Yetirmişli Azərbaycan xalqının tarixən yaşadığı faciələr, xalqımızın başına gətirilən müsibətlər, ötən əsrin 90-cı illərində ölkəmizdə yaşanan siyasi xaos və torpaqlarımızın işğalı haqqında danışıb.
“Dünyadakı bəzi güc mərkəzləri və ermənipərəst dövlətlər otuz ildən artıq müddətdə Qarabağ münaqişəsinin həllinə mane olsalar da, Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, xalqımızın birliyi və Müzəffər Ordumuzun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı sayəsində Qarabağ işğaldan azad olundu. Ötən ilin sentyabrın 19-da başlayan və 20-də başa çatan 23 saatlıq antiterror tədbirləri ilə rəşadətli Ordumuz qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi və bununla da, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır”, - deyə baş direktor bildirib. Qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq dövlət başçısının Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunan “Həmişə bizimləsiniz” adlı videoçarxın nümayişi ilə başa çatıb.