Rumıniya parlamenti müxalifətin hökumətə qarşı qaldırdığı etimadsızlıq təklifini rədd edib
Buxarest, 8 sentyabr, AZƏRTAC
Rumıniya parlamenti müxalifət partiyaları olan “Rumınların Birləşməsi Alyansı”, “SOS Rumıniya” və Gənclər Partiyası tərəfindən təqdim olunan hökumətə etimadsızlıq haqqında dörd ayrı təklifi müzakirəyə çıxararaq rədd edib.
AZƏRTAC xəbər verir ki, səsvermə zamanı heç biri kabinetin istefası üçün tələb olunan 233 səsi toplaya bilməyib. Hakim koalisiyanın deputatları səsvermədə iştirak etməsələr də, kvorumu təmin etmək üçün zalda olublar, yeddi saat davam edən iclasın sonunda təkliflər keçməyib. Müxalifətin təşəbbüsləri büdcə kəsirinin azaldılması məqsədilə hökumətin irəli sürdüyü sərt qənaət tədbirlərinin dörd blokunu – səhiyyə islahatı, bir sıra dövlət qurumlarının yenidən təşkili, dövlət şirkətlərinin islahatı və vergitutmanın səmərəliliyinin artırılması vasitələrini dayandırmağı hədəfləyirdi.
Rəsmi məlumata görə, 2024-cü ildə Rumıniyanın büdcə kəsiri ÜDM-in 9,3 faizinə çataraq Avropa İttifaqında ən yüksək göstərici olub. Bu səbəbdən ölkə bəzi Avropa fondları ödənişlərini itirmək riski ilə üz-üzədir. Qənaət tədbirləri həm koalisiya daxilində fikir ayrılığı yaradıb, həm də hakim və prokurorlar, bələdiyyə və prefektura məmurları, təhsil və səhiyyə işçiləri daxil olmaqla, müxtəlif qrupların gündəlik etirazlarına səbəb olub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest