Rumıniyada Balkan və Cənub-Şərqi Avropa Xəbər Agentlikləri Assosiasiyasının konfransı keçirilib
Buxarest, 26 iyun, AZƏRTAC
Rumıniyanın AGERPRES xəbər agentliyinin, Balkan və Cənub-Şərqi Avropa Xəbər Agentlikləri Assosiasiyasının (ABNA-SE) birgə təşkilatçılığı ilə Buxarestdə “Xəbər agentlikləri XXI əsrdə - Müəllif hüquqlarının müdafiəsi mediada inkişafın açarıdır” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın da təmsil olunduğu konfransda Balkan ölkələrinin xəbər agentliklərinin rəhbərləri və əməkdaşları ilə yanaşı, Rumıniyanın mədəniyyət naziri İoan Vulpesku, Rumıniya Senatında mədəniyyət və media komissiyasının sədri Georgika Severin, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Erik Naylen, Dünya Xəbər Agentlikləri Konqresinin (NAWC) baş katibi Uffe Riis Sorensen iştirak ediblər.
Assosiasiyanın 20 illik fəaliyyətinə həsr olunan konfransda müəllif hüquqlarının qorunması ilə bağlı agentliklərdə yaranan çətinliklər, piratçılığa qarşı mübarizə, Avropa Komissiyası qarşısında belə məsələlərin qaldırılması təklifləri müzakirə olunub. İclasda, həmçinin bütün təklifləri özündə birləşdirən bəyanatın tezliklə qəbul edilməsi qərara alınıb.
Tədbir çərçivəsində Bolqarıstanın “BTA” xəbər agentliyi ilə Bosniya və Herseqovinanın “FENA” xəbər agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest