RUMINİYADA TÜRKİYƏ VƏ AZƏRBAYCAN ALİMLƏRİNİN İŞTİRAKI İLƏ SİMPOZİUM KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Rumıniyanın Konstansa şəhərində Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumu və Rumıniya Demokrat Türk Birliyi sentyabrın 3-dən 8-dək “Əhməd Yasəvidən günümüzə insanlığa yönəlmiş türk böyükləri və beynəlxalq mədəniyyət-sənət fəaliyyətləri” mövzusunda simpozium keçirmişdir.
Azərbaycanın Rumıniyadakı səfirliyindən bildirmişlər ki, Türkiyə, Azərbaycan, Ukrayna, Moldova, Kipr və Rumıniyadan olan 40-dan çox elm, təhsil və mədəniyyət xadimi əvvəlcə türk dünyasının böyük oğulları Mustafa Kamal Atatürkün və Heydər Əliyevin Buxarestdəki büstlərini ziyarət etmişlər.
Sonra Azərbaycanın Rumıniyadakı səfirliyində tədbir iştirakçıları ilə görüş olmuşdur.
Konstansa şəhərində keçirilən simpoziumun açılış mərasimində Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov, Türkiyənin Konstansa şəhərindəki baş konsulu Halik Ağca, Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun sədri, professor İrfan Nəsrəddinoğlu, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin rəhbəri Fuad Babayev və digərləri çıxış etmişlər.
Natiqlər böyük türk dünyasının tarixində xüsusi və taleyüklü rol oynayan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətlərindən ətraflı söhbət açmış, elmi araşdırmalar nəticəsində meydana çıxan yeni faktları diqqətə çatdırmışlar.
Simpoziumun işində XX əsrin görkəmli siyasi xadimləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin zəngin həyatı və misilsiz fəaliyyətləri barədə çıxışlar rumın alimlərinin də böyük marağına səbəb olmuşdur.