Rumıniyada “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərlövhəli məqalə dərc edilib
Buxarest, 21 noyabr, AZƏRTAC
Rumıniyanın nüfuzlu “Ultima Ora” qəzetində Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə Ağqoyunlu dövlətinin ən görkəmli hökmdarı Həsən bəy Bayandurun (Uzun Həsən) sərkərdəlik və diplomatik bacarığı sayəsində Azərbaycan ərazisində mərkəzləşmiş dövlətin yaranması, onun xarici və daxili siyasəti haqqında geniş məlumat verilib, eləcə də Uzun Həsənin yürütdüyü siyasətdən, Ağqoyunlu dövlətini kiçik bəylikdən böyük imperiyaya çevirməyə nail olmasından, onun Azərbaycan dövlətçiliyi tarixindəki xüsusi yerindən danışılıb.
Həmçinin yazıda Ağqoyunlu dövlətinin müdafiə sisteminin qurulmasına, "Dəsturi-Həsən bəy" adlanan iqtisadi, inzibati və hərbi islahatların keçirilməsinə, geniş quruculuq işlərinə, elm və mədəniyyətin inkişafına yaradılan şəraitə dair məlumatlar da öz əksini tapıb.
Müəllif qeyd edib ki, məhz Ağqoyunlu dövlətinin zamanında Azərbaycanın Avropa ölkələri ilə münasibətləri siyasi müstəviyə yüksəlib. Belə ki, həmin dövrdə Şərq ölkələri ilə yanaşı Venesiya, Moskva Knyazlığı, Moldova, Polşa, Avstriya, Macarıstan, Çexiya, alman dövlətləri ilə sıx əlaqələr saxlanılıb. 1473-cü ildə Azərbaycan və rumın xalqları arasında ilk tarixi siyasi təmas baş verib, Uzun Həsən və Moldova knyazı Böyük Ştefan arasında hərbi müttəfiqlik barədə razılıq əldə olunub.
Yazıda, həmçinin 1501-ci ildə Ağqoyunlu dövlətinin varlığına son qoymuş Səfəvi imperiyasının banisi Şah İsmayılın Uzun Həsənin nəvəsi olması faktına toxunulub və bunun, başqa sözlə Azərbaycan dövlətçiliyində davamlılığın mövcudluğunun və tarixi mirasın növbəti sülaləyə ötürülməsinin göstəricisi olması nəzərə çatdırılıb.
Məqalədə bildirilib ki, bu il öz dövründə Qərb qaynaqları tərəfindən “ikinci Teymurləng” və ya “ikinci İsgəndər” adlandırılan Uzun Həsənin (1423 - 1478) anadan olmasının 600-cü ildönümüdür və bu münasibətlə Azərbaycanda qızıldan xatirə sikkəsi buraxılıb. Eyni zamanda bildirilib ki, 2023-cü ilin noyabrın 1-də Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə ekskursiya etdirəcək və üç aya yaxın davam edəcək “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı olub.
Sonda müəllif qeyd edib ki, bütün bu tədbirlər Uzun Həsənin irsinin əhəmiyyətini və onun Azərbaycan tarixinə verdiyi töhfəni, eyni zamanda böyük hökmdarın dövlətçiliyimizin inkişafındakı xüsusi yerini nümayiş etdirir. Bu görkəmli dövlət xadiminin xatirəsi xalqın tarixi yaddaşında və qəlbində yaşamağa davam edəcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest