RUSADA 2019-cu ildə əlçatanlıq qaydalarının idmançılar tərəfindən 99 pozuntusunu qeydə alıb
Bakı, 23 aprel, AZƏRTAC
Rusiya Antidopinq Agentliyinin (RUSADA) baş direktorunun müavini Marqarita Paxnotskayanın TASS agentliyinə verdiyi məlumata görə, 2019-cu ilin əvvəlindən dopinq test yoxlamaları siyahılarında adları olan rusiyalı idmançılar əlçatanlıq qaydalarının 99 pozuntusunu törədiblər.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Ümumdünya Antidopinq Məcəlləsinə və Ümumrusiya Antidopinq Qaydalarına müvafiq olaraq, test yoxlamaları siyahılarında adı olan hər bir idmançı özünün olduğu yer barədə ətraflı məlumatı ADAMS nəzarət sisteminə təqdim etməli və test yoxlamasından keçmək üçün əlçatanlığını təmin etməlidir.
Paxnotskaya deyib: “RUSADA 2019-cu ilin əvvəlindən əlçatanlıq qaydalarının 99 pozuntusunu və nəticədə dopinq yoxlamalarının buraxılmasını qeydə alıb. İdmançılar ya təyin olunmuş vaxtda göstərilən yerdə olmayıb, ya da ümumiyyətlə harada olduqlarını göstərməyiblər. İdmançıların təqdim etdikləri izahatlar nəzərə alınmaqla inzibati yoxlamaların nəticələrinə əsasən biz 22 pozuntunu “bağışlamışıq”.
Agentliyin müsahibi xüsusi vurğulayıb ki, dopinq nəzarəti inspektorları RUSADA-nın testləmə siyasətini əsas götürürlər. Başlıca vəzifə idmançıdan test probunu hər hansı ağlabatan üsulla götürməkdir. Paxnotskaya deyib: “RUSADA qayda pozuntularına yol verməyən idmançıların mənafeyi naminə fəaliyyət göstərir və beləliklə onların müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirak etmələri imkanını təmin edir. Bu yarışlara seçilmək üçün hər bir idmançıdan müəyyən sayda dopinq probu götürülməsi zəruridir”.
RUSADA-nın baş direktorunun müavini sonda deyib: “Burada bir mühüm məqamı vurğulamaq lazımdır: Rusiya Federasiyasının Hökuməti Rusiya antidopinq sisteminin böhrandan çıxması və RUSADA-nın fəaliyyətinin bərpa olunması mərhələsində qapalı şəhərlərin dopinq nəzarəti üçün əlçatan olmasını təmin edib. Lakin bəzi idmançılar onların zəruri məlumatları bir saatlıq vaxtın başa çatmasına bir neçə dəqiqə qalmış təqdim etmələrinin səbəbi kimi domofonlarının nasazlığını və özəl otellərdə gecələmələrini bəhanə gətirirlər. Bu, təəccüb doğurur və belə atletlərin öz peşə borclarına qeyri-ciddi münasibət göstərməsini nümayiş etdirir”.