RUSİYA BEYNƏLXALQ TERRORİZMLƏ MÜBARİZƏ TƏDBİRLƏRİ GÖRÜR
Baş Qərargah qanunvericilik orqanlarına insanların kütləvi surətdə girov götürülməsi halları zamanı terrorçuların fəaliyyətini lokallaşdırmaq üçün silahlı qüvvələrin tətbiqinin daha dəqiq hüquqi əsaslandırılmasını nəzərdə tutan təkliflər vermişdir.
Eyni zamanda, Yuxarı palatanın Şimali Qafqazda vəziyyətin təhlili üzrə Müvəqqəti komissiyasının sentyabrın 10-da keçirilmiş iclasında RF Federasiya Şurasının sentyabrın 20-də növbədənkənar geniş iclasının çağırılması barədə qərar qəbul edilmişdir. Komissiyanın iclasında hüquq mühafizə orqanlarının vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirməli olduqları təxirəsalınmaz tədbirlər müzakirə olunmuşdur. Federasiya Şurasının sədri Sergey Mironov bu barədə məlumat verərək bildirmişdir ki, Federasiya Şurası Beslanda terror aktının araşdırılması və terrorizmlə mübarizə, Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə komissiya yaradacaqdır. Rusiya Prezidenti Vladimir Putin bu ideyanı dəstəkləmişdir.