Rusiya DİN: Dövlət proqramı çərçivəsində xarici ölkələrdə yaşayan 826 min rus vətənə qayıdıb
Bakı, 29 mart, AZƏRTAC
Rusiya Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, rusların könüllü surətdə Rusiyaya köçürülməsi üzrə həyata keçirilən 12 illik Dövlət proqramı çərçivəsində xarici ölkələrdə yaşayan 826 min rus vətəninə qayıdıb.
AZƏRTAC Rusiya KİV-nə istinadla xəbər verir ki, ötən il 107,7 min rus öz vətəninə qayıdıb. Onların əksəriyyəti MDB ölkələrinə yaşayanlardır. Ən çox insan Qazaxıstan (35,3 faiz), Ukrayna (19,2 faiz), Tacikistan (11,8 faiz), Ermənistan (9,7 faiz) və Moldovadan (8,6 faiz) qayıdıb. Bundan başqa, Baltik ölkələri, Almaniya, İsrail və ABŞ-da yaşayan ruslar da bu proqramdan istifadə ediblər.
Vətəninə qayıdan insanların ən çox məskunlaşdığı ərazilər Tula (11 min nəfər), Novosibirsk (9 min nəfər) və Çelyabinsk (7,2 min nəfər) vilayətləridir. Onların 72 faizi əməkqabiliyyətli, 43 faizi isə ali təhsillidir. Köçkünlərin dörddəbiri 18 yaşınadək olan gənclər, 5 faizi isə təqaüdçülərdir.
Qeyd edək ki, 12 illik Dövlət proqramı üzrə fərman Rusiya Prezidenti Vladimir Putin tərəfindən 2006-cı ildə imzalanıb və 2007-ci ildən etibarən Rusiyanın 12 pilot regionunda həyata keçirilməyə başlanıb. Hazırda isə köçkünlər bu ölkənin 73 bölgəsində məskunlaşa bilərlər. Rusiya DİN-in saytında qeyd olunur ki, bu köçkünlərə Rusiya vətəndaşları ilə yanaşı, özləri, yaxud valideynləri SSRİ, RSFSR-də yaşamış insanlar da aid edilirlər.