RUSİYA DÖVLƏTİNİN BAŞÇISI SON 500 İLDƏ İLK DƏFƏ OLARAQ TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRƏ GEDƏCƏK
Qəzet yazır ki, tarixən Rusiyanın və Türkiyənin münasibətləri Qara dənizə çıxışa görə əsrlər boyu gərginləşmişdir. Axırıncı dəfə vəziyyət 1945-ci ildə gərginləşməyə başlamışdır. O vaxt Stalinin göstərişi ilə sovet mətbuatında verilən yazılarda Ankaraya qarşı ərazi iddiaları irəli sürülürdü. Moskva belə iddialar olmadığını yalnız 1953-cü ildə rəsmən bəyan etmişdir. Buna baxmayaraq, iki ölkə arasında gərginlik səngiməmişdir. 1952-ci ildə Türkiyə NATO-ya daxil oldu, 1959-cu ildə isə Türkiyənin 7 hərbi bazasında Amerikanın “Yupiter” raketləri yerləşdirildi. Bu raketlərin SSRİ-nin aparıcı sənaye mərkəzlərinə uçuş vaxtı 10 dəqiqə idi. Bütün sovet dövründə yüksək vəzifəli SSRİ məmurlarından yalnız bir nəfər – Ali Sovetin sədri Nikolay Podqornı Türkiyədə olmuşdu. Lakin 1973-cü ildə həyata keçirilən bu səfəri heç kim “dövlət səviyyəsində” səfər adlandırmadı. Boris Yeltsin ənənəyə sadiq qaldı. Halbuki, Türkiyənin Baş naziri Süleyman Dəmirəlin 1992-ci ildə Moskvaya səfəri zamanı iki ölkə arasında münasibətlərin əsasları haqqında müqavilə imzalanmışdı.
Beləliklə, Prezident V.Putinin qarşıdakı səfərini tarixi səfər hesab etmək olar. Rusiya dövlətinin başçısı Ankaraya gəlmək dəvətini 2000-ci il sentyabrın 7-də Nyu-Yorkda Minilliyin zirvə toplantısında Türkiyə Prezidenti Əhməd Necdət Sezərdən almışdır. Səfərin başlıca mövzuları iqtisadi problemlər olacaqdır. İki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 8 milyard dollara çatır, ancaq həm Rusiya, həm də Türkiyə bu göstəricini xeyli yüksəltməyə çalışır. Şübhəsiz ki, prezidentlərin görüşünün başlıca vəzifəsi Rusiyadan Türkiyəyə təbii qaz göndərilməsi probleminin həlli olacaqdır.
Bu yaxınlarda Moskva və Ankara təbii qaz sahəsində yeni layihələrin təfərrüatının işlənilməsi və səfər çərçivəsində imzalanacaq əməkdaşlıq haqqında sazişin hazırlanması üçün müştərək işçi qrupu yaratmışlar. “Qazprom”un nümayəndə heyəti bu yaxınlarda Ankarada olmuşdur. Tərəflər razılığa gəlmişlər ki, “Qazprom” Türkiyə energetikasına, o cümlədən qazın nəqli infrastrukturunun inkişaf etdirilməsinə iri məbləğdə sərmayə qoyacaqdır. Ankara 1997-ci il 15 dekabr tarixli ikitərəfli saziş əsasında tikilmiş “Mavi axın” qaz kəməri ilə nəql olunan Rusiya təbii qazının alınması üçün öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəkdir. Bu halda Türkiyə Avropada Rusiya qazının Almaniya və Ukraynadan sonra ən böyük istehlakçısı olacaqdır. Müqaviləyə görə, 25 il ərzində Rusiya Türkiyəyə 365 milyard kubmetr qaz göndərməlidir. Həm də, Rusiya üçün Türkiyə bu qazın gələcəkdə Avropaya və İsrailə ixracında tranzit zona olacaqdır.