RUSİYA DÜNYANIN “QAYNAR NÖQTƏ”LƏRİNƏ SİLAH İXRACINI MƏHDUDLAŞDIRIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 9-da Moskvada “Rosoboroneksport” Federal dövlət unitar müəssisəsinin baş direktoru Sergey Çemezov mətbuat konfransı keçirərək, bu müəssisənin fəaliyyətindən və gələcək planlarından danışmışdır.
O bildirmişdir ki, ötən il silah ixracı rekord həddə çatmışdır. İxracın coğrafiyası genişlənmiş və 59 ölkəyə silah satılmışdır. Müəssisənin əsas tərəfdaşları Hindistan və Çindir. Bu ölkələrə satılan silahlar müəssisənin ixracının təxminən 80 faizini təşkil edir. Rusiyanın rəqabət qabiliyyətli aviasiya texnikasına, əsasən, Su, MiQ təyyarələrinə, vertolyot texnikasına tələbat böyükdür. S.Çemezov vurğulamışdır ki, ötən il hərbi hava qüvvələri üçün texnikaya tələbat daha çox idisə, bu il hərbi dəniz donanması üçün texnikaya tələbat yüksəkdir.
O, Kollektiv Təhlükəsizlik Haqqında Müqavilə Təşkilatının (KTMT) üzvü olmayan ölkələrlə “Rosoboroneksport”un siyasətinin necə qurulduğu, silahların NATO standartlarına üstünlük verən dövlətlərdə Rusiya silahlarına tələbatın olub-olmadığı, habelə MDB-nin münaqişə aparan ölkələrinə, o cümlədən Ermənistana silah göndərilməsinin məqsədəuyğunluğu məsələsini bu müəssisənin öz siyasətində nəzərə alıb-almadığı barədə AZƏRTAC müxbirinin sualına cavabında demişdir: “Beynəlxalq birlik tərəfindən nə Azərbaycana, nə də Ermənistana qarşı heç bir qadağa qoyulmadığına görə, təbii ki, biz Ermənistana da, Azərbaycana da silah sata bilərik. Bununla əlaqədar heç bir məhdudiyyət yoxdur. KTMT ölkələrinə gəlincə, razılaşmaya əsasən, biz onlara silahları Rusiyadaxili qiymətlərlə, Rusiya Müdafiə Nazirliyinin aldığı qiymətlərlə satırıq və bundan, demək olar, mənfəət götürmürük. O ki qaldı digər MDB ölkələrinə, onlar üçün də müəyyən güzəştlər var. Biz işləyir, silah, o cümlədən də NATO standartları üzrə silah satırıq”.
“Rosoboroneksport”un başçısı bildirmişdir ki, beynəlxalq təşkilatların qərarına uyğun olaraq, bu müəssisə dünyanın “qaynar nöqtələr”inə silah satışını məhdudlaşdırır.