RUSİYA FTX-NİN BAŞÇISI XARİCİ DÖVLƏTLƏRİN XÜSUSİ XİDMƏT ORQANLARI İLƏ ƏMƏKDAŞLIQDAN RAZIDIR
O demişdir ki, 1992-ci ildən Rusiya FTX xarici xüsusi xidmət və hüquq mühafizə orqanları ilə fəal əməkdaşlıq edir, ilk növbədə, MDB ölkələri ilə əməkdaşlıq sahmanlanmışdır. Onun sözlərinə görə, terrorizmlə, qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, eləcə də radioaktiv materialların qaçaqmalçılığı, silahların, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində xüsusilə fəal əməkdaşlıq aparılır. N.Patruşev vurğulamışdır ki, istər MDB dövlətlərindən (Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan və Ukrayna), istərsə də digər ölkələrdən olan həmkarlarla informasiya mübadiləsinin intensivliyi daim artır.
O, terrorizmlə mübarizə üzrə tərəfdaşlarla əməkdaşlıq məsələsinə toxunaraq bildirmişdir ki, Rusiyanın xüsusi xidmət orqanları xarici həmkarları ilə qarşılıqlı əlaqələr sayəsində bir sıra beynəlxalq təşkilatların fəaliyyətinin qarşısını almışlar. Rusiyada terror xarakterli cinayətlər törətdiklərinə görə axtarışda olan bir sıra şəxslər Azərbaycan, Qazaxıstan, Gürcüstan və Özbəkistandan olan həmkarlarla birgə aparılmış əməliyyatlar nəticəsində yaxalanmış və ölkəmizə ekstradisiya edilmişdir. Onların Azərbaycan və Polşadakı informasiya mərkəzləri bağlanmışdır. Biz isə öz tərəfimizdən Rusiya ərazisində gizlənən cinayətkarları ekstradisiya etmişik.
N.Patruşev Azərbaycanla əməkdaşlığı nümunə göstərmişdir. O, Azərbaycan ərazisində fəaliyyət göstərmiş təhlükəli cinayətkar qruplaşmanın FTX qüvvələri tərəfindən necə tutulduğundan danışmışdır. Aralarında hüquq mühafizə orqanlarının əməkdaşları da olan cinayətkarlar adamlara hədə-qorxu gəlmək yolu ilə onlardan pul qoparır, qətllər törədirdilər.