Rusiya holdinqi Azərbaycanda əmtəə nişanı hüququ əldə edib
Moskva, 26 avqust, AZƏRTAC
TASS agentliyinin verdiyi məlumata görə, Rusiyanın “Şvabe” holdinqi Azərbaycan ərazisində əmtəə nişanı hüququ əldə edib.
“Rostex” dövlət korporasiyasına daxil olan “Şvabe”nin əmtəə nişanının Azərbaycanda Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatında 16 sinif üzrə kiril və latın əlifbalarında qeydiyyata alınıb. Holdinqin məhsullarının bütün çeşidi - geodeziya, təbabət, optik və işıq texnikası avadanlıqları dövlət tərəfindən müdafiə ediləcək. “Şvabe” həm də öz brendi altında Azərbaycan ərazisində elmi araşdırmalar, təcrübə-konstruktor işləri aparmaq və sənaye məhsullarını təhlil etmək hüququnu rəsmiləşdirib.
Holdinqin Azərbaycana ixrac etdiyi məhsulların spektri kifayət qədər rəngarəngdir. Müxtəlif illərdə “Şvabe” Azərbaycana müxtəlif optik cihazlar və geodeziya avadanlıqları ixrac edib. “Şvabe” səhmdar cəmiyyətinin baş direktorunun satış, xarici iqtisadi fəaliyyət və marketinq üzrə müavini Anatoli Sludnıx TASS müxbiri ilə söhbətində bildirib ki, tibb texnika sahəsində Azərbaycanla sıx və qarşılıqlı faydalı əməkdaşlıq yaradılıb.
A.Sludnıx vurğulayıb: “Ölkə ərazisində əmtəə nişanının qeydiyyata alınması işgüzar münasibətlərin inkişafında əlamətdar hadisədir. Bu qeydiyyat həm bizim azərbaycanlı tərəfdaşlarımızı müxtəlif kontrafakt məhsullardan qorumağa imkan verəcək, həm də müxtəlif müştərək layihələrin həyata keçirilməsi üçün şərait yaradacaq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva