RUSİYA QAFQAZDA SÜLH OLMASINI İSTƏYİR
İ.Babiçev demişdir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü deyil, lakin bütün MDB məkanı üçün elə ümumi problemlər var ki, onlardan kənarda qalmaq olmaz. Bunlar, ilk növbədə, bütün dövlətləri maraqlandıran hava hücumundan müdafiənin vahid sistemidir, vahid rabitə sistemi yaradılmasıdır, ekoloji problemlərin və Birliyin bütün dövlətlərinə aid olan bir sıra digər problemlərin tənzimlənməsi üçün radiasiya təhlükəsizliyi və kimyəvi təhlükəsizlik sistemləridir. Azərbaycan KTMT-yə daxil olmasa da, vahid sistemlərin işlənib hazırlanmasında iştirak edir.
İ.Babiçev Azərbaycanla münaqişədə olan, Azərbaycan ərazilərinin bir hissəsini işğal etmiş Ermənistanın KTMT-nin üzvü olması faktı ilə əlaqədar Azərbaycanın bu hərbi bloka qoşulmamaq qərarının Qərargahda necə qiymətləndirildiyi barədə suala cavab verərək bildirmişdir ki, Rusiya MDB məkanında heç bir münaqişə olmaması mövqeyini tutur və iki xalqın dostluq etməsi, bu dostluq üçün təmas nöqtələri tapmasından ötrü çox iş görür.
Rusiya hərbçisi onun ölkəsi ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlığın genişlənməsinin nə ilə izah edildiyi sualının cavabında demişdir ki, “Rusiyanın Ermənistanla hərbi-texniki əməkdaşlığı genişləndirdiyini söyləmək olmaz, çünki Rusiya bütün dövlətlər üçün açıqdır, biz dövlətlərdən hər hansı birinə üstünlük vermirik”. Onun sözlərinə görə, sadəcə olaraq, hərbi-texniki əməkdaşlıq haqqında müqaviləni imzalamış dövlətlərin Rusiyadan hərbi texnika almaq sahəsində müəyyən üstünlükləri var. Həmin müqaviləni imzalayan dövlətlər Rusiya texnikasını Rusiyadaxili qiymətlərə ala bilərlər, bu isə Birliyin bir çox dövlətləri üçün olduqca sərfəlidir.
İ.Babiçev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunaraq demişdir ki, Rusiya hesab edir ki, bu problemin həlli üçün danışıqlar prosesini davam etdirmək lazımdır. Problemin sülh yolu ilə həlli üçün hər şey etmək gərəkdir.