RUSİYA TOYUQ ƏTİ GÖNDƏRƏN 19 AMERİKA ŞİRKƏTİNİN XİDMƏTLƏRİNDƏN İMTİNA ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya ABŞ-ın toyuq əti göndərən 19 şirkətini məhsul göndərənlər siyahısından çıxarmışdır.
Federal Baytarlıq və Fitosanitariya Nəzarəti Xidmətindən bildirmişlər ki, iyulun axırı-avqustun əvvəlində keçirilmiş birgə seçmə Rusiya-Amerika müştərək inspeksiyasının materiallarına ilkin baxışın nəticələri göstərir ki, bu müəssisələrin bəziləri Rusiyaya quş əti göndərən müəssisələr barədə razılaşdırılmış surətdə irəli sürülmüş tələbləri tam şəkildə yerinə yetirmir.
RF Hökumətinin sədri Vladimir Putin bu günlərdə Amerikanın Si-En-En telekanalına müsahibəsində Amerikanın toyuq əti göndərən müəssisələri üçün bəzi məhdudiyyətlərin tətbiq edildiyi barədə məlumat vermişdir. Onun sözlərinə görə, Rusiyada son vaxtlar müxtəlif ölkələrdən, o cümlədən ABŞ-dan kənd təsərrüfatı məhsullarının göndərilməsi məsələsi kəskin müzakirə olunur. RF-nin sanitariya xidmətləri Rusiya bazarını toyuq əti ilə təchiz edən Amerika müəssisələrində seçmə yoxlama apararaq müəyyənləşdirmişlər ki, 19 firma Rusiya mütəxəssislərinin 2007-ci ildə bildirdikləri iradlara etinasız yanaşmışdır. Bu müəssisələr Rusiyaya quş əti ixracçıları siyahısından çıxarılacaqdır. Rusiya ekspertlərini razı salmayan vəziyyəti düzəltmələri üçün daha 29 şirkətə xəbərdarlıq ediləcəkdir. Həmin şirkətlərin məhsullarında xeyli miqdarda antibiotik, habelə digər qadağan edilmiş maddələr aşkar olunmuşdur. V.Putin bildirmişdir ki, bu qərar Qafqazda son hadisələrlə əlaqədar olmayıb, sırf iqtisadi xarakter daşıyır.