RUSİYA VƏ AZƏRBAYCAN XİN BAŞÇILARININ DANIŞIQLARINDA ANTİTERROR MÖVZUSUNA XÜSUSİ DİQQƏT YETİRİLƏCƏKDİR
O demişdir ki, Rusiyanın və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrovun və Elmar Məmmədyarovun danışıqlarında əsas diqqət antiterror mövzusuna yönəldiləcəkdir. Beynəlxalq terrorizmə qarşı mübarizəni gücləndirmək məsələsində Rusiya ilə Azərbaycanın vahid mövqelərdən çıxış etməsi nəzərə alınaraq, nazirlər terrorizmin bütün təzahürləri ilə mübarizədə daha sıx qarşılıqlı fəaliyyətə, əməli addımlar atılmasına hər iki dövlətin yanaşmalarının razılaşdırılmasına xüsusi diqqət yetirmək niyyətindədirlər.
Regional və beynəlxalq vəziyyətin inkişafı ilə bağlı aktual məsələlər, BMT-nin mərkəzi rolunun möhkəmləndirilməsi yolları, MDB çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi barədə də fikir mübadiləsi aparılacaqdır.
Diplomat bildirmişdir ki, Rusiya və Azərbaycanın xarici işlər nazirlərinin Qafqazda və dünya meydanında əməkdaşlığını dərinləşdirmək, onların beynəlxalq təşkilatlarda fəaliyyətini əlaqələndirmək yolları da müzakirə mövzusu olacaqdır.
B.Malaxov demişdir: “Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həcminin artırılmasına, o cümlədən iki ölkə arasında əmtəə dövriyyəsinin iki dəfə genişləndirilməsinə və yaxın illərdə bir milyard dollara çatdırılmasına, yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə, sərhədyanı əlaqələrin inkişaf etdirilməsinə, Rusiya Federasiyası subyektlərinin Azərbaycanla əməkdaşlığına dair yüksək səviyyədə əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin müzakirəsinə mühüm yer ayrılacaqdır”.
Nazirlər humanitar sahədə əməkdaşlığa dair 2004-cü ilin fevralında qəbul olunmuş dövlətlərarası uzunmüddətli proqramın həyata keçirilməsinin gedişini də təhlil edəcəklər.
Rusiya diplomatı bildirmişdir ki, Xəzər dənizinin hüquqi statusunun hazırlanması üzrə prosesin indiki vəziyyəti barədə fikir mübadiləsi aparılacaq, ikinci Xəzər zirvə toplantısının keçirilməsinin perspektivlərinə də baxılacaqdır. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinin müzakirə ediləcəyi də nəzərdə tutulur.