RUSİYA XİN-DƏ AZƏRBAYCANDA RUS DİLİNİN İNKİŞAF SƏVİYYƏSİNDƏN RAZIDIRLAR
İradə Hüseynova AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, görüşdə qardaşlaşmış məktəblər yaradılması, birgə beynəlxalq elmi-praktik konfranslar keçirilməsi barədə razılaşma əldə olunmuşdur. Təcrübə və informasiya, elmi-metodik ədəbiyyat, kommunikasiya texnogiyaları mübadiləsi məsələlərinə də toxunulmuşdur. Eyni zamanda, kadrların ixtisasını yüksəltməyin zəruriliyi vurğulanmışdır, yəni Azərbaycan ali məktəblərinin beynəlxalq münasibətlər fakültələrində təhsil alan tələbələr Rusiya XİN-in müxtəlif qurumlarında staj keçə bilərlər.
E.Mitrofanova iki dövlətin əməkdaşlığını, Azərbaycanda rus dilinin qorunub saxlanmasını və inkişaf etdirilməsini, ümumən, yüksək qiymətləndirmişdir. İradə Hüseynova, öz növbəsində, Azərbaycanda rus dili ilə əlaqədar vəziyyət barədə məlumat verərək bildirmişdir ki, respublikada Rusiya ilə bütün sahələrdə, o cümlədən təhsil sahəsində münasibətlərin inkişafına böyük diqqət yetirilir. Azərbaycanda 378 məktəbdə 110 min şagird rus dilində təhsil alır. Rus sektoru olan ali məktəblərin geniş şəbəkəsi var, rus dilində kitablar, dərsliklər, elmi-bədii ədəbiyyat nəşr edilir, Rusiyanın telekanalları translyasiya olunur, yerli teleradio kanallarında rus dilində verilişlər yayımlanır, Bakı Slavyan Universiteti və Rus Dram Teatrı fəaliyyət göstərir.
Görüşdə qeyd olunmuşdur ki, Azərbaycanda Rusiya ilinin və Rusiyada Azərbaycan ilinin keçirilməsi ikitərəfli münasibətləri dərinləşdirməyin, xalqlarımızın dostluğunu möhkəmlətməyin daha bir mərhələsi olacaqdır.
İradə Hüseynova vurğulamışdır ki, ölkələrimiz arasında münasibətlərin müdrik və uzaqgörən siyasətçi, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bünövrəsi əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratmışdır və indi bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev davam etdirir. Bütün bunlar xalqlarımızın firavanlığının, həyatın bütün sahələrində, o cümlədən təhsil sahəsində əlaqələrin daha da möhkəmlənməsinin, millətlərarası ünsiyyət dili kimi rus dilinin qorunub saxlanmasının mühüm amilidir.