Rusiyalı ekspert: Prezident İlham Əliyev Azərbaycan xalqının Qarabağı geri qaytarmaq arzusunu reallaşdırdı
Moskva, 11 fevral, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan xalqının Qarabağı geri qaytarmaq arzusunu reallaşdırdı, həm də atasının vəsiyyətini yerinə yetirdi.
Bu barədə jurnalist, politoloq Daniil Rubinoviç AZƏRTAC-a müsahibəsində bildirib.
Daniil Rubinoviç vurğulayıb ki, Ermənistanın XX əsrin sonlarında apardığı etnik təmizləmə Dağlıq Qarabağın monoetnik bölgəyə çevrilməsinə səbəb oldu.
Politoloq qeyd edib ki, Birinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan iki fərqli yol tutdular. Ermənistan daxili siyasi çəkişmələrə qərq oldu, iqtisadiyyatı, bank sistemini və ordunu məhv etdi, bu da əhalinin kütləvi şəkildə mühacirətinə gətirib çıxardı. Azərbaycan isə Heydər Əliyevin və daha sonra hazırkı Prezident İlham Əliyevin sakit və inamlı daxili siyasəti sayəsində iqtisadi və hərbi potensialını əhəmiyyətli dərəcədə artırdı. İki ölkənin inkişafındakı fərqi Azərbaycanın Qarabağdakı ərazilərinin bir hissəsini geri qaytardığı dördgünlük Aprel döyüşləri də göstərdi. Bu, bir növ güc sınağı idi.
Jurnalist bildirib ki, İkinci Qarabağ müharibəsi Ermənistan ordusunu fəlakətə gətirdi. Azərbaycan Ordusu tamamilə üstünlük təşkil edirdi. Həm texniki üstünlüyü, həm də parlaq taktiki işi qeyd etmək lazımdır. Azərbaycan onsuz da qələbə qazanacaqdı. Çünki onun demoqrafik, iqtisadi və hərbi potensialı Ermənistanla müqayisədə qat-qat çoxdur. Lakin Ermənistanın dinc Azərbaycan şəhərlərinə raket hücumlarını da nəzərə alaraq qələbənin daha çox qan bahasına qazanılacağı aydın idi. Atəşkəs şərtlərinə görə, Azərbaycan müharibəyə davam etmədən və əlavə itkilər vermədən torpaqlarının əhəmiyyətli bir hissəsini geri qaytardı və Ermənistan ərazisindən keçməklə Naxçıvanla nəqliyyat dəhlizi əldə etdi. Beləliklə, atəşkəs razılaşması Azərbaycana daha çox üstünlük verdi. Müharibənin uzanması isə Ermənistanı milli fəlakətə aparacaqdı.
Üçtərəfli atəşkəs sazişinin imzalanmasında Rusiya Federasiyasının vasitəçilik rolundan danışan ekspert qeyd edib ki, Rusiya erməni lobbisinin Qarabağ müharibəsini Ermənistanla hərbi müqavilələrin tətbiq edilməsi üçün bəhanə kimi istifadə etmək cəhdlərini dayandırdı. Çünki Rusiya və Ermənistan arasında olan müqavilələr yalnız Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərində etibarlıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva