Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı bir sıra maneələr aradan qaldırılıb
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri tədbirlər davam etdirilir. AQTA-nın Rusiya Federasiyasının müvafiq qurumu - “Rosselxoznadzor” ilə birgə apardığı işlər nəticəsində ötən dövr ərzində 205 müəssisənin pomidor ixracına icazə verilib ki, onların 2021-ci il üzrə ixrac proqnozu 360 min 133 ton təşkil edir. Həmçinin 70 müəssisənin alma ixracına icazə verilib. Həmin müəssisələrin 2021-ci ildə ixrac proqnozu 153,397 tona bərabərdir.
AZƏRTAC xəbər verir ki, bunu agentliyin sədri Qoşqar Təhməzli bitki sağlamlığı mövzusuna həsr olunan mətbuat konfransında deyib.
“Görülən işlər çərçivəsində payız mövsümündə əkin aparan bütün pomidor müəssisələrində dəfələrlə monitorinqlər keçirilərək virusoloji müayinələr həyata keçirilib. Lakin bu vaxtadək heç bir təsərrüfatda bitki mənşəli virus aşkarlanmayıb. Lakin bəzi təsərrüfatların ixrac olunan yük partiyasında agentlik tərəfindən aparılan virusoloji müayinələr zamanı pepino mozaik və qonur qırışıqlıq virusu müəyyən edilib. Aşkar olunan uyğunsuzluqların araşdırılması zamanı təsərrüfatlarda virus aşkarlanmadığı halda yük partiyalarında aşkarlanması ixrac olunan partiyaların başqa təsərrüfatlara məxsus olduğunu deməyə əsas verir”, - deyə Q.Təhməzli qeyd edib.