Rüstəm Orucov: İdmançı üçün təhsil həmişə birinci növbədə olmalıdır - MÜSAHİBƏ
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycanın tanınmış cüdoçusu, ötən ay peşəkar karyerasını başa vuran Rüstəm Orucov 15 sentyabr - Bilik Günü ilə bağlı AZƏRTAC-a müsahibə verib.
Bu gün 15 sentyabr - Bilik Günüdür. Orta məktəbi Rusiyada oxumusunuz. Həmin illəri necə xatırlayırsınız?
- Mən Rusiyada oxuyanda dərslər sentyabrın 1-də başlayırdı. Yadımdadır, məktəbə sevinə-sevinə gedirdim. Çünki bilirdim ki, dostlarım orada məni gözləyirlər. Həmin ab-hava həmişə xoşuma gəlirdi.
Dərslərə ciddi yanaşan məsuliyyətli şagird olmusunuz, yoxsa tez-tez təhsildən yayınan, tapşırıqları yerinə yetirməyən dəcəl məktəbli?
- Çoxları düşünür ki, idmançılar dərslərini yaxşı oxumurlar. Amma məndə belə olmayıb. Hər zaman çalışmışam ki, dərslərimi yaxşı oxuyum. Məktəbə ciddi və məsuliyyətli yanaşan bir şagird olmuşam.
Məktəbdə müəllimlərinizdən ən çox eşitdiyiniz cümlə hansı olub?
- Müəllimlərdən eşitdiyim çox söz olub. Amma sırf bir cümlə var ki, heç vaxt ağlımdan çıxmaz. Dərslərə qarşı məsuliyyətli olsam da, bəzən elə vaxtlar olurdu ki, dəftərlərimi və ya kitabımı evdə unudurdum. Bu zaman müəllim mənə deyirdi ki, “bəs özün niyə evdə qalmamısan?” (gülür). Bu sözü heç vaxt unutmaram.

Bəs, qiymətləriniz necə idi? Heç müəllimlərlə qiymətə görə mübahisə etdiyiniz anlar olub?
- Biz müəllimlərimizə cavab qaytara bilməzdik, nəinki qiymət üstündə mübahisə etmək. Düzdür, bəzən elə hallar olurdu ki, düzgün qiymətləndirmə aparılmırdı. Buna baxmayaraq, heç vaxt müəllimim ilə hansısa bir məsələyə görə mübahisə etməmişəm. Çünki təkcə mən yox, sinfimizdəki bütün şagirdlər müəllimi valideyn kimi görürdü.
Məşğul olmağı ən çox sevdiyiniz fənn hansı idi?
- Ən sevmədiyim, anlamaqda çətinlik çəkdiyim fənn fizika idi. Nə qədər cəhd etsəm də, o fənni heç vaxt başa düşə bilmirdim. Kimya isə mənə ən maraqlı gələn fənn idi.
Sinif yoldaşlarınızla aranızdakı münasibət necə idi? Onlarla bağlı ən maraqlı xatirəniz nə olub?
- Sinif yoldaşlarımla hələ də ünsiyyətim var. Hazırda ən yaxın dostlarım da elə sinif yoldaşlarımdır. Onlarla maraqlı xatirələrimiz çoxdur. Amma ən maraqlısı, uşaqlarla birlikdə məktəb jurnalını yandırmağımız olmuşdu (gülür).

Necə düşünürsünüz, ali təhsil keyfiyyətli idmançı olmaq üçün vacibdir?
- İdmançı üçün təhsil çox önəmlidir. Bəziləri düşünür ki, idmançı olacağamsa, təhsil almasam da olar. Fikirləşirlər ki, məktəbə getməyə və ya universitetdə oxumaya bilərlər. Ancaq elə şey yoxdur. Düzdür, idmançılara təhsil müəssisələrində məşqlərini etmək və yarışlara hazırlaşmaq üçün şərait yaradırlar. Amma bu o demək deyil ki, dərslərini oxumamalısan və təhsildən yayınmalısan.
Təhsil müəssisələrində yeniyetmə və gənclərdə idmana həvəsin yaranması üçün nə etmək olar?
- Fikrimcə, müəllimlər şagirdin idmanla məşğul olduğunu və ya bu sahəyə maraq göstərdiyini görürsə, ona şərait yaratmalıdırlar. Çünki şagird idmançıdırsa, məşq etməli və yarışlara hazırlaşmalıdır. Demirəm ki, təhsildən yayınmalıdır. Sadəcə, müəyyən güzəştlər edilə bilər.
İdmanla yeni məşğul olmağa başlayan məktəbli və ya tələbələrə nə məsləhət görürsünüz?
- Uşaqlara, yeniyetmələrə və gənclərə demək istəyirəm ki, təhsil həmişə birinci növbədə olmalıdır. Savadlı insan bunu hər yerdə bəlli edə bilir. Təkcə cüdoda deyil, bütün idman növlərində güc uğurlu nəticə əldə etmək üçün kifayət etmir. Ağıl və bilik qələbənin əsas açarlarından biridir. Təbii ki, bu da təhsillə əlaqəlidir. Ona görə də oxumaq və inkişaf etmək vacibdir.