SAATLIDA 2007-Cİ İLİN 6 AYINDA GÖRÜLMÜŞ İŞLƏRƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, avqustun 8-də Saatlı Rayon İcra Hakimiyyətində keçirilmiş yığıncaqda 2007-ci ilin 6 ayında rayonun sosial-iqtisadi inkişafının yekunları ətraflı təhlil olunmuş, qarşıda duran əsas vəzifələr müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Hüseynov bildirmişdir ki, altı ayda rayonda qaramalın sayı 61.260 başa, davarın sayı isə 84.253 başa çatmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qaramalın sayı 3.753 baş, davarın sayı isə 5.982 baş artmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 92 ton, süd istehsalı isə 1.407 ton çoxalmışdır.
Natiq qeyd etmişdir ki, yarım ildə rayonda 177 daimi iş yeri yaradılmış, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 32 mənzilli yaşayış binası tikilmiş, sapəyirici fabrikin inşasına başlanmış, “Saatlı Broyler” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti bərpa olunmuş, “Azərbaycan kənd investisiya layihəsi” çərçivəsində 30 min metr kənd yolları abadlaşdırılmışdır.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər Prezidentin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2007-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin başçısı İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin fəaliyyət proqramı kimi dönmədən yerinə yetiriləcəyinə əminlik ifadə etmişlər.
Yığıncaqda Prezidentin İcra Aparatının məsul əməkdaşı Dəyanət Abdullayev çıxış edərək, ölkənin qüdrətli inkişafını səciyyələndirən konkret faktlar söyləmiş, bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi-siyasi strategiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirildiyini vurğulamışdır.
Tədbirdə Milli Məclisin deputatı Gülhüseyn Əhmədov iştirak etmişdir.