Sabah bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəyə yüksələcək
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycanda iyunun 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23°, gündüz 34-38°, Bakıda gecə 21-23°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 35-40° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacaq.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 35-40° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 28-33° isti, dağlarda gecə 15-19°, gündüz 23-28° isti olacağı ehtimalı var.